Kənd məktəblərinin süqutu: “Şəhərə köç qaçılmazdır”

10.08.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd məktəblərinin sayı azalır. Bu təhsil ocaqlarını bir-birinin ardınca bağlamaq lazım gəlir. Çünki kəndlər boşalmağa başlayıb. Hətta rayon mərkəzlərində də birinci siniflərlə bağlı böyük boşluq yaranır.

Bizimyol.info xəbər verir ki, ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Üç il əvvəl sayın 4 min 422 olduğu bildirilmişdi. Yəni bu müddətdə 228 məktəb bağlanıb. Bu təhsil müəssisələrinin hamısının kəndlərdə yerləşdiyi qeyd olunur.

2024-cü ildə Elm və Təhsil Nazirliyi başqa bir statistik göstərici ilə vəziyyətin necə ağır olduğunu ortaya qoymuşdu. Onda məktəblərin 37 faizində şagirdlərin sayının 100 nəfərdən az olduğu açıqlanmışdı. Belə çıxır ki, ölkədə təxminən 1500 məktəbdə uzağı bu qədər uşaq təhsil alır.

Doğum sayının kəskin azalması, kəndlərin sürətlə boşalması başqa bir hesabatda da özünü göstərir. Son bir ildə ibtidai məktəblərin 47-si sıradan çıxıb. Say 292-dən 245-ə düşüb. Məhz kəndlərdə 4 illik təhsil verən müəssisələr bağlanıb.

“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində 2024/2025-ci tədris ilində kəndlərdə 596,7 min şagirdin oxuduğu yazılmışdı. Beləcə, əvvəlki illə müqayisədə 13 min nəfərə qədər azalma qeydə alınmışdı. İş orasındadır ki, şəhər məktəblərində də şagirdlərin sayının 3 min nəfərə qədər azalması faktdır. Yəni doğum sayının azalması və kəndlərin boşalmasını əsas amil kimi göstərməkdə qüsur yoxdur.

Təhsil eksperti Vüqar Məmmədov hesab edir ki, məktəblərdə şagird sayının azalması sırf təhsillə bağlı problem deyil, kəndlərin ümumi sosial-iqtisadi tənəzzülünün bariz göstəricisidir: “İnsanlar o kəndləri niyə tərk edirlər? Çünki orada normal kitabxana yoxdur, tibb məntəqələri fəaliyyət göstərmir, gənclərin işləməsi və əhalinin xoş güzəranı üçün heç bir real addım atılmır. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün lazımi güzəştlər və stimullaşdırıcı tədbirlər görülmədikdə, kənddən şəhərə miqrasiya qaçılmaz olur. Bu qədər kompleks problemin həlli istiqamətində addım atmaq əvəzinə, yükü məktəbin bağlanması ilə “yüngülləşdirmək” böyük bir laqeydlikdir”.

Bütün hallarda sosial-iqtisadi mənzərənin korlanmasını danmaq olmaz. İşsizlik, yaşam imkanlarının məhdudlaşması kənd məktəblərinin süqutunun təməlini qoyur.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью