Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU da qeyd olunub

29.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərsun Holding”in birgə təşkilatçılığı ilə 1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, aqrar sahənin milli iqtisadiyyatda əhəmiyyətindən və müasir kənd təsərrüfatının inkişafında peşəkar kadrların rolundan danışıb. Rektor Dövlət Aqrar Universitetinin aqrar sektorun tələblərinə uyğun mütəxəssislərin hazırlanması, elmi biliklərin və innovativ yanaşmaların istehsalata tətbiqi istiqamətində mühüm missiya daşıdığını bildirib. Kənd təsərrüfatı işçilərinin ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın genişləndirilməsi və ölkənin dayanıqlı inkişafına verdikləri töhfələri qeyd edən Zəfər Qurbanov onları peşə bayramı münasibətilə təbrik edib.

Tədbirdə kənd təsərrüfatının inkişafına uzun illər töhfə vermiş universitet əməkdaşları - ADAU-nun Ağsaqqallar Şurasının sədri Siyasət Məmmədov, Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Nizami Seyidəliyev, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov, Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının müdiri Urfan Turabov və Bitkiçilik kafedrasının dosenti Vüqar Bəşirov fəxri fərmanlarla təltif olunublar.

“Azərsun Holding” MMC-nin kənd təsərrüfatı müəssisələri üzrə insan resursları rəhbəri Nicat Bağırov aqrar sahənin inkişafında insan kapitalının, peşəkar mütəxəssislərin və təhsil-istehsalat əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O, şirkətin aqrar sahə üçün ixtisaslı kadrların hazırlanmasına və gənclərin peşəkar inkişafına dəstək göstərməsinin vacibliyini qeyd edib.

ADAU-nun məzunu, “Azərsun Holding”in ferma rəhbəri Kənan Əliyev universitetdə qazandığı bilik və təcrübənin peşəkar fəaliyyətində mühüm rol oynadığını bildirib. O, aqrar sahədə uğurlu fəaliyyət üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da vacib olduğunu diqqətə çatdırıb.

Siyasət Məmmədov və Nizami Seyidəliyev kənd təsərrüfatının inkişafında zəhmətkeş insanların rolundan, aqrar elmin və ənənələrin qorunub saxlanılmasının əhəmiyyətindən danışıblar. Onlar gənc mütəxəssislərin hazırlanmasında universitetin üzərinə düşən vəzifələrə diqqət çəkərək bu istiqamətdə səylərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.

Tədbir tələbələrin hazırladığı bədii proqramla davam edib. Proqram çərçivəsində “Üzüm rəqsi”, “Çoban rəqsi”, “Tarla qızları” və “Kəndimiz” mahnıları, eləcə də kənd təsərrüfatına və zəhmətkeş insanlara həsr olunan şeirlər təqdim edilib.

Sonda iştirakçılara “Azərsun Holding”in istehsalı olan məhsullardan ibarət xüsusi hədiyyə paketləri təqdim olunub.

Daha sonra “Azərsun Holding”in Təlim, inkişaf və istedadların idarə olunması şöbəsinin rəhbəri Leyla Səfərova, Karyera və işə qəbul üzrə baş mütəxəssis Orxan Yəhyayev holdinqin fəaliyyəti, əsas istiqamətləri və karyera imkanları barədə tələbələrə ətraflı məlumat veriblər. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью