Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
2027-ci ildə kənd təsərrüfatına ayrılan büdcə vəsaitinin həcmi 12,5 faiz artırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, gələn il kənd təsərrüfatına təxminən 1 milyard 380 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 153 milyon manat çoxdur.
Komitə sədri qeyd edib ki, bu, 2027-ci ildə iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik xərc istiqamətidir.
Azər Əmiraslanov səkkiz sektordan biri olan aqrar sahənin nəticə əsaslı büdcə mexanizmi ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
O, Prezident İlham Əliyevin kənd təsərrüfatının Azərbaycan üçün iqtisadi, sosial və təhlükəsizlik məsələsi olması barədə fikirlərini xatırladaraq, hökumətin bu sahəyə dəstəyi bundan sonra da davam etdirəcəyini bildirib.
Zeynəb Rzayeva