Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Kənd Təsərrüfatı Nazirliyində Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransı keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Aqrar Süni İntellekt layihəsinin icrası kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə, aqrar risklərin əvvəlcədən qiymətləndirilməsinə və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması və aqrar sahədə məlumatlara əsaslanan idarəetmənin gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır.
Layihənin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən birinin bitki sağlamlığı proqramıdır ki, ötən müddətdə bu istiqamətdə xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri istifadəyə verilib.
Qeyd olunub ki, xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması həlli aqrometeoroloji stansiyalardan əldə olunan məlumatlar əsasında riskləri saatlıq qiymətləndirir, zərərvericilərin inkişaf mərhələlərini izləyir: “Hazırda sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir. Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir”.
Bitkilərin əraziyə uyğunluğunun müəyyən edilməsinin, inkişaf fazaları üzrə risklərin xəritələşdirilməsinin, temperatur xəbərdarlıqlarının verilməsinin, eləcə də optimal əkin müddətinin hesablanmasının istismarda olan həllər sırasına aid edildiyini diqqətə çatdıran nazir müavininin sözlərinə görə, torpaq və iqlim göstəricilərinə əsaslanan məlumatlar bitki və sort seçiminin daha əsaslandırılmış şəkildə aparılmasına şərait yaradır.
Diqqətə çatdırılıb ki, ötən müddətdə Aqrar Süni İntellekt layihəsi çərçivəsində nəzərdə tutulan 33 həllin 13-ü istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır. Hazırda istismarda olan həllərin bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə etdiyini bildirən nazir müavini deyib ki, bu həllər kənd təsərrüfatında risklərin əvvəlcədən qiymətləndirilməsinə, aqrotexniki tədbirlərin daha düzgün planlaşdırılmasına və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna imkan yaradır.
Nazir müavini əlavə edib ki, növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində su ehtiyatlarından səmərəli istifadə və suvarma ehtiyacının düzgün müəyyənləşdirilməsi istiqamətində də həllərin tətbiq olunduğunu diqqətə çatdıran İ.Qədimova bildirib ki, bitkinin növünü, inkişaf fazasını və iqlim məlumatlarını nəzərə alaraq gündəlik buxarlanmanı, yağıntı proqnozunu və su balansını qiymətləndirir. Onun sözlərinə görə, bu, fermerlərə suvarmanın vaxtını daha düzgün planlaşdırmağa imkan verir.
Nazir müavini daha sonra qeyd edib ki, hazırda ölkə və rayon səviyyəsində suvarma tələbatının proqnozlaşdırılması modeli 180-dən çox iqlim stansiyasının və torpaq nəmliyi sensorlarının məlumatları əsasında yoxlanılır. Onun sözlərinə görə, peyk məlumatlarından istifadə etməklə hazırlanan torpaqların dinamik nəmlik xəritəsi isə əkin sahələrində su stresinin müəyyənləşdirilməsinə xidmət edir: “Hazırda bu həll pambıq sahələri üzrə tətbiq olunur. Layihə çərçivəsində yaradılmış dinamik iqlim xəritəsi də 180-dən çox iqlim stansiyasından əldə olunan məlumatlar əsasında ölkə üzrə temperatur, yağıntı və digər iqlim göstəricilərini əks etdirir. Bu məlumatlar aqrar risklərin qiymətləndirilməsi və digər süni intellekt həllərinin fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətlidir”.
Diqqətə çatdırılıb ki, sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi göstəriciləri nəzərə alır. Qiymətləndirmənin fermerlərin təsərrüfat fəaliyyətinin müxtəlif aspektlər üzrə təhlilinə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verdiyini bildirən nazir müavini deyib ki, bu texnologiya əkin sahələri üzrə məlumatların yoxlanılmasına və dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb. Layihə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumatəsaslı və daha səmərəli etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellektəsaslı modellərin tətbiqi nəzərdə tutulur.
M.YAQUBZADƏ
XQ