Kənddə ucuz, Bakıda baha Səbəb nədir

03.08.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışında müşahidə olunan uyğunsuzluqlar uzun illərdir müzakirə olunur. Rayonlarda bəzi fermerlər yetişdirdikləri meyvə-tərəvəz və digər məhsulları alıcı tapa bilmədikləri üçün ya zibilə atırlar, ya da çox aşağı qiymətə satmağa məcbur qalırlar. Halbuki eyni məhsullar paytaxt Bakıda istehlakçılara xeyli yüksək qiymətlə təklif edilir. Bu vəziyyət istehsalçı ilə alıcı arasında məhsulun daşınması, saxlanması, topdansatış sistemi, vasitəçilərin sayı və bazarın təşkili ilə bağlı problemlərin hələ də mövcud olduğunu göstərir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, bu problem uzun illərdir mövcuddur.
Onun sözlərinə görə, son illərdə demək olar ki, hər il sosial şəbəkələrdə vətəndaşların, fermerlərin narazılığını görürük:
“Onlar məhsulun bir hissəsini tullamaq, xarab olan məhsulu atmaq məcburiyyətində qaldıqlarını, məhsullarını satmaq üçün imkan və şərait tapa bilmədiklərini bildirirlər. Yəni belə halların müşahidə olunması ilk dəfə deyil. Bu da onu göstərir ki, Azərbaycanda hələ də “tarladan süfrəyə” modelini tətbiq etmək mümkün olmayıb.
Bu barədə dəfələrlə açıqlamalar verilib, belə bir mexanizmin yaradılması ilə bağlı müzakirələrin aparıldığı bildirilib. Lakin hələ də bu məsələ öz həllini tapmayıb. Söhbət ondan gedir ki, fermer öz məhsulunu birbaşa bazara çıxarmaq imkanına malik olmalıdır. Azərbaycanda isə bu mexanizmlər kifayət qədər formalaşmayıb və onların yaradılması üçün dövlət tərəfindən müəyyən addımlar atılmalıdır.
Məsələn, hazırda pərakəndə ticarət bazarında əsas mövqeyi supermarket şəbəkələri tutur. Onlar demək olar ki, ölkənin bütün bölgələrində, rayonlarında, hətta bəzi qəsəbə və kəndlərində fəaliyyət göstərirlər. Bu şəbəkələrə müəyyən təşviqlər tətbiq olunmalıdır. Məsələn, fermerlə birbaşa işlədikləri halda onlara müəyyən vergi güzəştləri verilməlidir ki, fermerlərlə birbaşa müqavilələr bağlamaqda və onların məhsullarını öz marketlərində satışa çıxarmaqda maraqlı olsunlar.
Bu halda hər kəs qazanacaq. Həm fermer gəlir əldə edəcək, həm də qiymətlərin müəyyən qədər tənzimlənməsinə nail olmaq mümkün olacaq. Çünki təəssüf ki, Azərbaycanda bazar mədəniyyəti zəifləyir. Bakıda bazarların böyük əksəriyyəti artıq bağlanıb. Bu səbəbdən, xüsusilə kiçik fermerlər üçün məhsullarını birbaşa bazara çıxarmaq əksər hallarda sərf etmir.
Elə fermerlər var ki, gün ərzində cəmi 50-70 kiloqram meyvə toplayır. O, bu məhsulu hər dəfə bazara gətirib satmağa çalışsa, nəqliyyat xərcləri əldə edəcəyi qazancdan daha çox ola bilər. Buna görə də kiçik fermerlərin məhsullarını toplayaraq bazara çıxaracaq səmərəli mexanizmin yaradılmasına ehtiyac var”, - deyə Natiq Cəfərli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью