Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev kənd yerlərinin inkişafı və əhalinin regionlarda məskunlaşmasının stimullaşdırılması məsələsinə toxunaraq, kəndi yaşatmaq üçün kənddə yaşamağın üstün seçimə çevrilməsinin vacibliyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, insanları kəndlərdə saxlamaq üçün yalnız çağırışlar etmək kifayət deyil, kənd həyatının həm iqtisadi, həm də sosial baxımdan real üstünlükləri formalaşdırılmalıdır.
Deputatın fikrincə, kəndlə şəhər arasında müəyyən ödəniş və güzəşt fərqləri yaradılmalı, kənd sakinləri üçün kommunal xidmətlərə daha aşağı tariflər tətbiq edilməlidir. Məişət texnikası
R.Nurullayev kənd yerlərində ev almağın və ya tikməyin daha əlçatan olmasının, xüsusilə şəhərdən kəndə köçən gənc ailələr üçün əlavə stimullaşdırıcı imkanların yaradılmasının zəruriliyini vurğulayıb. O, həmçinin regionlarda biznes qurmaq istəyən sahibkarlara güzəştli kreditlərin, aşağı faiz dərəcələrinin və xüsusi vergi güzəştlərinin təqdim olunmasını təklif edib.
Kəndlərin inkişafının təkcə iqtisadi təşviqlərlə məhdudlaşmamalı olduğunu diqqətə çatdıran parlamentari yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyatla bağlı infrastruktur və sosial məsələlərin də kompleks şəkildə həllini tapmalı olduğunu bildirib.
Çıxışının sonunda R.Nurullayev mənzil təminatı, kommunal xidmətlər, məşğulluq, sahibkarlıq, kredit imkanları, sosial xidmətlər və infrastruktur məsələlərini özündə birləşdirən kəndlərin inkişafı üzrə ayrıca dövlət proqramının hazırlanmasını təklif edib.
Deputat vurğulayıb ki, əsas hədəf yalnız kənddən şəhərə miqrasiyanın qarşısını almaq deyil, həm də şəhər sakinləri üçün kənddə yaşamağı sərfəli və rahat seçimə çevirmək olmalıdır.