Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Kəndlərdə ev almaq və ev tikmək daha asan, əlçatan olmalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, insanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil:
"Kənddə yaşamağı həm sosial baxımdan, həm də şəhər həyatı ilə müqayisədə üstünlüklərə çevirmək lazımdır. Eyni zamanda, bu məsələlərin müxtəlif platformalarda müzakirəsi gedir. Deputat həmkarım, hörmətli Fazil də bu məsələni davamlı olaraq gündəmə gətirir. Mövqeyim budur ki, kənd sakini işıq, qaz və suya görə şəhər sakini ilə eyni yükü daşımamalıdır. Kənd əhalisi üçün kommunal xidmətlərə daha aşağı tariflər tətbiq edilməlidir. Bu, sadəcə sosial güzəşt deyil, kənddə yaşayışı və kənd təsərrüfatını stimullaşdıran dövlət siyasətinə çevrilməlidir.
Eyni yanaşma mənzil və kənd evləri məsələsində də olmalıdır. Kənddə ev almaq və ya ev tikmək daha əlçatan olmalıdır. Kim ki gənc yaşlarında şəhərdən kəndə köçürsə, onun evlə təmin olunması məsələsində əlavə imkanları olmalıdır. Biznes sahəsində də faiz güzəştləri artırılmalıdır. Kənddə müəssisə açmaq, fermer təsərrüfatı qurmaq və ya kənd sahəsinə investisiya qoymaq üçün daha əlçatan kreditlər, faiz güzəştləri və vergi imkanları verilməlidir. İnsan kənddə biznes quranda bilməlidir ki, dövlət ona güzəşt edir, şəhərdəki sahibkarla eyni yükü qoymur. Amma yalnız güzəşt kifayət etmir. Kənddə yol, internet, kanalizasiya, məktəb, tibb məntəqəsi və ictimai nəqliyyat normal səviyyədə olmalıdır və bu sahədə xeyli addımlar atılır. Dövlət resurslarının kompleksləşdirilməsi və bir planda birləşdirilməsi də vacibdir. İnsan kəndə qayıdırsa, övladının təhsilindən, səhiyyəsindən və gündəlik həyatından narahat qalmamalıdır.
Buna görə də ayrıca kompleks kəndlərin inkişafı dövlət proqramının hazırlanmasına ehtiyac duyuram. Bu proqram yalnız kənd təsərrüfatını əhatə etməməli, kənddə əlçatan həyatın bütün tərəflərini, o cümlədən məşğulluq, biznes, gəlir, sosial xidmət və infrastrukturu bir proqram daxilində birləşdirməlidir. Məqsəd yalnız kənddən şəhərə köçü azaltmaq deyil, elə şərait yaratmalıyıq ki, şəhərdə yaşayan insan da kəndə köçməyi öz gələcəyi üçün sərfəli və rahat seçim kimi görsün. Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real, əsaslı və sosial üstünlüklər yaratmaqdan keçir".
NURİYYƏ