Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bol məhsulu “qorabişirən” istilərdən qorumaq üçün fermerlər gecə-gündüz çalışırlar
İlin, günün bu vaxtında, havaların qızmar çağında Azərbaycan kəndi öz qaynar əmək ritmini yaşayır. Hər yerdə, hər bir bölgə üçün səciyyəvi olan sahələrdə – meyvə, nar, üzüm bağlarında, çay və pambıq plantasiyalarında, tərəvəz sahələrində gərgin iş gedir.
Bu günlər həm də təbiətin dəyişən, yəni payıza dönən vaxtıdır. Artıq dağ və dağətəyi rayonlarda yağışlar daha tez-tez yağmağa başlayır, ara-sıra leysan və daşqınlar da baş verir ki, bu da kənd əhalisi üçün əlavə çətinliklər yaradır.
Amma nə çox isti, qızmar avqust havaları, nə də bəzən “yersiz-vədəsiz” yağmurların yaratdığı təbii çətinliklər zəhmət adamlarını qorxutmur. Onların əsas fikri-zikri ilboyu yetişdirdikləri məhsulun yanındadır. Axı, qarşıdakı həftələr ərzində barlı-bəhrəli payız aylarında torpağın nemətlərini mümkün qədər tez və itkisiz toplamaq lazım gələcək.
Məhsul bu il, maşallah, hər yerdə boldur. Quba rayonunun I Nügədi kəndindən olan təcrübəli fermer Aslan Yusifov bizimlə söhbət zamanı dedi ki, havaların yazda xeyli yağmurlu keçməsinə rəğmən, meyvə bağlarında məhsul kifayət qədər çoxdur. Fermer dərin məmnunluq hissilə onu da bildirdi ki, Azərbaycan dövləti kəndə və kəndlinin qayğılarına daim diqqət və qayğı ilə yanaşır. Fermerlər kifayət qədər subsidiya, texnika və gübrələrlə təchiz olunurlar. Dövlətin bunun əvəzində umduğu isə budur ki, kəndli bu vəsaitləri səmərəli istifadə etsin, həm ailəsini, həm də şəhər əhalisini münasib qiymətlərlə bol və çeşidli ərzaq məhsulları ilə təmin edə bilsin.
Bu il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə aqrar məsələyə həsr olunmuş geniş respublika müşavirəsində dövlətimizin başçısı son 23 ildə ölkədə kənd təsərrüfatı sahəsində görülən işlərdən, əldə olunan uğurlardan, eləcə də qarşıda duran əsas vəzifələrdən danışıb. Ölkə rəhbəri əmin olduğunu bildirib ki, Azərbaycanın aqrar sektoru qarşıdakı illər ərzində də uğurla inkişaf edərək xalqımızın ərzaq təhlükəsizliyini təmin edəcək.
Qeyd etmək lazımdır ki, müşavirədə qəbul olunan qərarlar, xüsusilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi aqrar sahənin inkişafında keyfiyyət dəyişikliklərinin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın kənd təsərrüfatı bu mühüm vəzifənin öhdəsindən gəlmək əzmindədir və bu istiqamətdə bütün səviyyələrdə ciddi işlər görülür.
Hər bir ölkə üçün əhalinin çörəklə etibarlı təmin olunması böyük önəm daşıyır. Sevindirici haldır ki, 2026-cı il taxılçılarımız üçün uğurlu olub. Arpa və buğda sahələrindən rekord miqdarda taxıl toplanaraq anbarlara yığılııb. Buğdamız burada qurudulub təmizləndikdən sonra şəhər və kənd dəyirmanlarında üyüdüləcək və ətirli buğda çörəyi süfrələri bəzəyəcək. Bir neçə həftədən sonra isə növbəti ilin məhsulu üçün payızlıq şumuna başlanılacaq. Buna görə də mexanizatorlar öz texnikalarını indidən sazlamaqla məşğuldurlar.
Payızın ilk təqvim ayı olan sentyabra sayılı günlər qalır. Ən yaxın vaxtda Aran rayonlarındakı pambıq tarlalarında ağ qızılın kütləvi yığımına və tədarükünə start veriləcək. Ölkəmizin şimal bölgələrində, Quba və Qusarın meyvə bağlarında tezliklə fermerlər kütləvi meyvə dəriminə başlayacaqlar. Azərbaycanın cənub zonasının əməksevər sakinləri də cənnətmisallı bu gözəl yerlərin bir-birindən dadlı nemətlərini hasilə gətirmək üçün var qüvvələrni səfərbər edəcəklər.
Hazırda Şirvanda, Muğanda, Gəncəbasarda, şimal-qərb bölgələrimiz olan Balakən və Zaqatalada, qədim və bərəkətli Naxçıvan torpaqlarında, bir sözlə, ölkəmizin hər yerində sahələrdə qızğın iş gedir. Hamının məqsədi torpağın min bir zəhmət hesabına araya-ərsəyə gələn məhsulunu tez və itkisiz toplamaqdır. İnanırıq ki, payızın sonlarında, artıq torpaqdan əl-ayaq çəkiləndə əvvəlki illərdə olduğu kimi, fermerlər yenə fəxrlə deyəcəklər: zəhmətimiz hədər getmədi, bu ilimiz də bərəkətli oldu! İnşallah, belə də olar!
Məsaim ABDULLAYEV
XQ