Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda gübrələrin, texniki xidmətlərin, yanacağın bahalaşdığı dövrdə gələn ildən aqrar sektorda 90 %-lik vergi güzəştinin tətbiqi fermerlər üçün çətinlik yarada bilər.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Xatırladaq ki, Vergi məcəlləsinə edilən dəyişikliklər layihəsində Azərbaycanda 2027-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir və mənfəət üzrə 100 %-lik vergi azadolmasının 2032-ci il yanvarın 1-dək 90 %-lik güzəştlə əvəz edilməsi təklif olunur.
Beləliklə, gəlirin və ya mənfəətin yalnız 10 %-i vergiyə cəlb ediləcək.
T. Rzayev fermerlərin gəlirinin 10 %-nin vergiyə cəlb edilməsinin vaxtının uzadılmasını təklif edib. Layihədə kənd təsərrüfatı sahəsində mövcud olan bir sıra vergi güzəştlərinin müddətinin uzadılması da nəzərdə tutulur.
Bu çərçivədə ƏDV-dən tam azadolmanın, ƏDV-nin ticarət əlavəsindən hesablanması mexanizminin, əmlak vergisi və sadələşdirilmiş vergi azadolmasının 2027-ci il yanvarın 1-dən 5 il müddətinə uzadılması təklif edilir.
Eyni zamanda, dövlət büdcəsindən verilən subsidiyaların gəlir (mənfəət) vergisindən azad edilməsinin müddətinin də 5 il uzadılması nəzərdə tutulur.
Bu gün əldə etdiyi məhsulu sata bilməyən fermerlərə vergi tətbiqi onun bu sahədən daha da uzaqlaşmasına gətirib çıxarmırmı?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, həqiqətən də belə bir risk mövcuddur:
“Çünki kənd təsərrüfatında fermerlərin əsas problemi təkcə istehsal deyil, həm də istehsal etdikləri məhsulu vaxtında və sərfəli qiymətə sata bilməmələridir.
Bir çox hallarda fermer məhsul yetişdirmək üçün gübrəyə, yanacağa, texnikaya, suvarmaya və işçi qüvvəsinə ciddi vəsait xərcləyir, lakin mövsümün sonunda məhsulunu ya maya dəyərinə, ya da ondan aşağı qiymətə satmağa məcbur olur.
Bəzi hallarda isə məhsul, ümumiyyətlə, xarab olur və fermer faktiki olaraq zərərlə üzləşir. Belə bir şəraitdə gəlirin 10 faizinin vergiyə cəlb edilməsi fermerlər üçün əlavə maliyyə yükü yarada bilər.
Burada nəzərə alınmalı əsas məsələ odur ki, vergitutma gəlirin əldə olunmasına deyil, fermerin real qazanc imkanlarına uyğun qurulmalıdır.
Məhsulunu sata bilməyən və ya satışdan qazandığı pulla istehsal xərclərini belə ödəyə bilməyən fermerdən vergi tutulması onun maliyyə vəziyyətini daha da ağırlaşdıra bilər”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, kənd təsərrüfatında vergi güzəştlərinin azaldılması fermerlərin bu sahəyə investisiya qoymaq həvəsini də zəiflədə bilər:
“Xüsusilə kiçik və orta təsərrüfatlar belə dəyişikliklərə daha həssasdır. Çünki onların böyük maliyyə ehtiyatları və bazar risklərini qarşılamaq imkanları yoxdur. Nəticədə bəzi fermerlər istehsal həcmini azalda, torpaqlarını əkib-becərməkdən imtina edə və ya ümumiyyətlə, kənd təsərrüfatından uzaqlaşa bilərlər.
Mən hesab edirəm ki, hazırkı mərhələdə aqrar sektorda vergi güzəştlərinin azaldılmasından daha çox fermerlərin gəlirlərinin və satış imkanlarının artırılmasına diqqət yetirilməlidir.
Əvvəlcə məhsulun bazara çıxarılması, tədarük və saxlama infrastrukturunun yaxşılaşdırılması, satış bazarlarına çıxışın genişləndirilməsi istiqamətində problemlər həll olunmalıdır. Fermerin istehsal etdiyi məhsulun satışına təminat verilmədən onun üzərinə əlavə vergi yükü qoymaq aqrar sektorda istehsalın stimullaşdırılması məqsədinə zidd nəticələr verə bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: kəndlər Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin