Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, son illər paytaxt məktəblərində şagirdlərin sayı artıb. 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 354 min 573 şagird təhsil alırdı. İndi isə say 505 min nəfəri keçib. Paytaxt məktəblərində şagird sayı daha çox bölgələrdən gələnlərin sayəsində artır. Xüsusilə kənd əhalisinin ümumi sayda payının azalması bu məsələdə özünü göstərir.
Təhsil eksperti Vüqar Məmmədov hesab edir ki, kəndlərin dirçəldilməsi yalnız təhsildə coğrafi bərabərliyin təmin edilməsi ilə mümkündür: “Məsələn, Finlandiya təhsil modelinin ən böyük uğuru paytaxtdakı məktəblə ən ucqar kənddəki məktəb arasında resurs və keyfiyyət fərqinin olmamasıdır. Yaponiya isə “Kəndlərin islahatı” çərçivəsində ucqar məktəbləri ən müasir rəqəmsal infrastruktur və məsafədən təhsil platformalarına bağlayaraq şəhərdən köçən ailələrin bütün narahatlıqlarını aradan qaldırıb. Bu təcrübələr göstərir ki, kənd məktəbi sadəcə dörd divardan ibarət bina deyil, həm də gəncliyi ətrafında birləşdirən güclü bir sosial və intellektual mərkəz olmalıdır.”
Həqəqətən də, ölkədə kənd məktəbləri böyük şəhərlərdəki ümumtəhsil müəssisələrinə infrastruktur və resurs imkanları baxımından dəfələrlə uduzur. Kəndlərdə yeni məktəb binalarının olması hələ keyfiyyətli təhsil anlamına gəlmir. İmtahanlarda daha yüksək bal toplayan müəllimlər şəhər məktəblərində işləmək imkanı qazanır. Bu isə aşkar ayrı-seçkilik deməkdir.
Vüqar Məmmədov kəndlərdə təhsilin geridə qalmaması üçün ciddi layihə və proqramlara ehtiyac olduğunu düşünür. Onun fikrincə, təhsilə müasir yanaşmalar olmalıdır. Kənd məktəblərində şagirdlər xarici dil və proqramlaşdırma ilə yanaşı, müasir aqrotexnologiyalar, ekoloji idarəetmə, alternativ enerji və rəqəmsal kənd təsərrüfatı vərdişləri öyrənməlidir.
Aytən, Bizimyol.info