Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gübrə, toxum və pestisidlərin alınması üçün götürdüyü kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi yaradılıb. Yeni dəstək fermerlərin əkin mövsümündə maliyyə yükünü azaltmağa imkan versə də, kreditlərə çıxış, girov tələbləri və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi məsələləri açıq qalır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, kredit faizlərinin subsidiyalaşdırılması fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıran mühüm addımdır. Onun sözlərinə görə, kənd təsərrüfatında istehsal xərclərinin əhəmiyyətli hissəsi toxum, gübrə və bitki mühafizə vasitələrinin alınmasına sərf olunur. Fermerlər əkin mövsümünün əvvəlində bu məhsullara ciddi vəsait xərcləyir, lakin gəliri yalnız məhsul yığılıb satıldıqdan sonra əldə edirlər.
O qeyd edib ki, dövlətin kredit faizlərinin bir hissəsini qarşılaması borclanma xərcini azalda və əkin işlərinin vaxtında aparılmasına kömək edə bilər. Bu, xüsusilə öz vəsaiti kifayət etməyən təsərrüfatlar üçün əhəmiyyətlidir. Bununla belə, mexanizmin real səmərəsi subsidiyanın həcmindən, bank faizlərindən və fermerlərə təklif olunan kredit şərtlərindən asılı olacaq. Əgər bank faizləri yüksək qalarsa və dövlət yalnız onun bir hissəsini qarşılayarsa, fermerlərin üzərində yenə də ciddi maliyyə yükü qala bilər.
Akif Nəsirlinin fikrincə, kreditlərin əsasən birillik əkinlərə yönəldilməsi dəstəyin əhatə dairəsini məhdudlaşdırır. Halbuki kənd təsərrüfatında meyvə bağlarının salınması, intensiv bağçılıq, suvarma sistemlərinin qurulması, istixanaların yaradılması və texnologiyaların yenilənməsi kimi uzunmüddətli investisiyalar da vacibdir. Bu layihələr daha uzunmüddətli maliyyələşmə tələb etdiyindən, yalnız birillik əkinlərə yönələn kreditlər sektorun bütün ehtiyaclarını qarşılaya bilməz.
O kiçik fermerlərin kreditlərə çıxış imkanlarına da diqqət çəkib. Onun sözlərinə görə, kiçik təsərrüfatların girov imkanları, rəsmi gəlirləri və kredit tarixçələri iri təsərrüfatlarla müqayisədə daha məhduddur. Banklar riskləri nəzərə alaraq əlavə təminat tələb edə bilərlər. Nəticədə faiz subsidiyası tətbiq olunsa belə, kreditlərdən daha çox maliyyə təminatı olan təsərrüfatlar yararlana bilər.
A.Nəsirli hesab edir ki, kiçik fermerlər üçün sadələşdirilmiş kredit şərtləri, alternativ təminat mexanizmləri və kollektiv kreditləşmə imkanları yaradılmalıdır.
Faiz subsidiyasının məhsulun maya dəyərinə və bazar qiymətlərinə təsirinə gəlincə, o bildirib ki, kredit xərclərinin azalması istehsal maya dəyərinin aşağı düşməsinə şərait yarada bilər. Lakin bu, bazarda qiymətlərin avtomatik azalacağı demək deyil. Çünki kənd təsərrüfatı məhsullarının qiymətinə yanacaq, suvarma, əməkhaqqı, logistika, saxlama və daşınma xərcləri ilə yanaşı, tələb-təklif nisbəti və idxal məhsullarının qiymətləri də təsir göstərir. Buna görə faiz subsidiyasının bazar qiymətlərinə təsiri dolayı və mərhələli ola bilər.
A.Nəsirlinin fikrincə, bu dəstək yalnız mövcud xərclərin maliyyələşdirilməsi ilə məhdudlaşmamalıdır. Kreditlər hesabına daha keyfiyyətli toxumdan istifadə, torpağa uyğun gübrələmə və bitki mühafizəsi tədbirləri məhsuldarlığı artıra bilər. Bunun üçün fermerlərə aqronomik məsləhətlər verilməsi, müasir texnologiyaların tətbiqi və suvarma imkanlarının yaxşılaşdırılması da vacibdir. Əks halda, kreditlər cari xərcləri qarşılasa da, istehsalın həcmi və keyfiyyətində ciddi dəyişiklik yaratmaya bilər.
A.Nəsirli vurğulayıb ki, faiz subsidiyasının effektivliyi yalnız kredit faizlərinin aşağı salınması ilə ölçülməməlidir. Əsas göstəricilər məhsuldarlığın və fermer gəlirlərinin artması, istehsal xərclərinin optimallaşması və yerli ərzaq istehsalının genişlənməsidir. Onun sözlərinə görə, məqsəd fermerə sadəcə borc vermək deyil, daha az xərc çəkərək daha çox və keyfiyyətli məhsul istehsal etməsinə şərait yaratmaqdır.
Vüsalə Hüseynova,
BakuPost