Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keniyada Ebola virusuna yoluxma nəticəsində ikinci ölüm hadisəsi baş verib.
Yeniavaz.com “Medical Xpress”ə istinadla xəbər verir ki, ölən şəxs ölkədə virusa yoluxan ilk pasiyentin yaxın qohumu olan 65 yaşlı qadındır.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, qadında simptomlar karantin müddətində yaranıb və o, Nayrobidəki infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Tibbi yardım göstərilməsinə baxmayaraq, o, cümə günü axşam saatlarında vəfat edib.
“Hazırda Ebola virusuna yoluxduğu təsdiqlənən yeddi pasiyent iki təcrid mərkəzində müalicə alır. Yeni yoluxma halları aşkarlanmayıb. İlk pasiyentlə təmasda olmuş təxminən 135 nəfər müəyyən edilib, onlardan 118-i karantinə alınıb. Sonradan testi müsbət çıxan səkkiz nəfər arasında dörd tibb işçisi və dörd pasiyentin yaxın qohumu var”, - nəşr yazır.
Məlumata görə, hakimiyyət orqanları 21 gün ərzində müşahidə altında saxlanılan və simptomları olmayan şəxsləri şənbə günündən etibarən karantindən çıxarmağı planlaşdırır.
Qeyd edək ki, Keniyada ilk Ebola hadisəsi oktyabrın 5-də təsdiqlənib. Konqo Demokratik Respublikasında yaşayan 40 yaşlı kişi oktyabrın 3-də Uqanda vasitəsilə Keniyaya gəlib. Onun Nayrobidəki xəstəxanada götürülən analizinin nəticəsi müsbət olub və həmin gün vəfat edib.