Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
İki əsr ərzində eyni növ hesab edilən tropik kəpənəklərin əslində üç fərqli növə aid olduğu üzə çıxıb. Yeni kəşf alimlərə uzun müddətdir müəmma olaraq qalan bu canlıların təsnifatına yenidən baxmağa əsas verib.
Florida Təbiət Tarixi Muzeyinin (Florida Museum of Natural History) tədqiqatçıları Mərkəzi və Cənubi Amerikada yayılan Colobura cinsinə aid Colobura cryptica adlı yeni növü müəyyənləşdiriblər. Bu barədə noyabrın 12-də “ScienceDaily” nəşri məlumat yayıb.
Araşdırma zamanı DNT analizindən, qanadların quruluşunun müqayisəsindən və ultrabənövşəyi işıq altında müşahidələrdən istifadə edilib. Məlum olub ki, zahirən bir-birinə çox bənzəyən kəpənəklərin qanadları ultrabənövşəyi şüaları fərqli şəkildə əks etdirir. Tırtılların bədənindəki ləkələr də növlərin fərqləndirilməsində mühüm rol oynayıb.
Maraqlıdır ki, üç növ eyni coğrafi ərazilərdə, hətta eyni meşələrdə yanaşı yaşayır. Genetik təhlillər onların müstəqil təkamül xətlərinə aid olduğunu və aralarında çarpazlaşma əlamətlərinin olmadığını göstərib. Kəşf zahiri görünüşünə görə bir-birindən seçilməyən canlı növlərinin müəyyənləşdirilməsində müasir genetik və optik metodların əhəmiyyətini bir daha ortaya qoyur.
S.Rzayeva
XQ