“Kəpəz”, Gəncədəki Media tribunası dost tanışınız üçün deyil!

23.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XII turunda "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul etdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hesab açılmadı – 0:0.
Gəncə şəhər stadionunda möhtəşəm atmosfer var idi. Tribunalar dolmuşdu, azarkeşlər komandalarına sona qədər dəstək verirdilər. Belə mənzərə Azərbaycan futbolunun arzuladığı görüntülərdəndir. Ancaq təəssüf ki, stadionda hər şey bu qədər ürəkaçan deyildi.
Söhbət Media tribunasında yaradılan şəraitdən gedir.
Oyun zamanı Media tribunasında əyləşənlərin böyük əksəriyyətinin jurnalistlərlə heç bir əlaqəsi yox idi. Təxminən 70-80 faizi klub əməkdaşlarının, stadion işçilərinin dost-tanışı idi. Açığı, həmin hissə Media tribunadan daha çox azarkeşlərin, yaxud fan-klubun toplandığı yerə bənzəyirdi.
Nəticədə jurnalistlər öz işlərini görməkdə çətinlik çəkirdilər. Media nümayəndələrinin oyunu izləmək, qeydlər aparmaq, canlı mətn hazırlamaq və peşə fəaliyyətini yerinə yetirmək üçün ayrılmış yerində azarkeşlik edən, tribunada emosiyalarını sərbəst ifadə edən insanlar vardı. Onların komandaya dəstək verməsində problem yoxdur. Amma bunun üçün stadionda başqa yerlər mövcuddur.
Bir məqamı unutmaq olmaz: Media tribunası kiminsə dostunu, tanışını yerləşdirmək üçün ayrılmış VIP zona deyil. Bura jurnalistlərin iş yeridir. Klubun və stadionun əməkdaşları bu sadə qaydaya hörmət etməlidirlər.
"Kəpəz" rəhbərliyi Gəncədəki möhtəşəm futbol atmosferi ilə haqlı olaraq fəxr edə bilər. Ancaq qonaq jurnalistlərin işinə mane olan şərait yaratmaqla bu müsbət mənzərəyə kölgə salmaq nəyə lazımdır?
Dünən oyunda olan istənilən media nümayəndəsi bu iradın nə qədər əsaslı olduğunu təsdiqləyə bilər. Klub rəhbərliyi də məsələyə formal yanaşmamalı, növbəti oyunlarda Media tribunasının təyinatına uyğun istifadəsini təmin etməlidir.
Bir daha xatırladaq: bura Media tribunasıdır, dost-tanışın əyləşdiyi yer yox!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью