Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər stadionunda fəaliyyət göstərən “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasına baş çəkib, klubun rəhbərliyi və futbolçularla görüşüb.
Şəhər rəhbərini İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları müşayiət ediblər.
Əvvəlcə Məşq Mərkəzi və Futbol Akademiyasında yaradılan şəraitlə tanış olan Niyazi Bayramova “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev klubda görülən işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra şəhər rəhbəri stadionun ehtiyat meydançasında məşq edən futbolçularla görüşərək onlarla söhbət edib.
Görüş noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşması ərəfəsinə təsadüf edib.
Niyazi Bayramov futbolçulara müraciət edərək bildirib ki, onları çətin və məsuliyyətli oyun gözləyir. Bununla belə, komandanın əzmkarlığına, mübarizə ruhuna və doğma azarkeşlərin dəstəyinə inandığını vurğulayıb.
“Bu həftəsonu sizi çox çətin oyun gözləyir. Hamımız stadionda olacağıq, komandamızı sonadək dəstəkləyəcəyik. Şəhər rəhbərliyi olaraq ‘Kəpəz’in oyunlarını daim tribunadan izləyir, Gəncəmizin fəxri olan klubumuzun uğurlarına sevinirik. İnanıram ki, ‘Qarabağ’la qarşılaşmada da əzmkarlıq göstərəcək, qalib gələrək azarkeşlərimizi sevindirəcəksiniz. Hər birinizə uğurlar arzulayıram!”
“Kəpəz” PFK-nın İdarə Heyətinin sədri Anar Abdullayev göstərilən diqqət və dəstəyə görə şəhər rəhbərinə minnətdarlığını bildirib. O qeyd edib ki, belə görüşlər, xüsusilə mühüm qarşılaşmalar ərəfəsində futbolçuların ruh yüksəkliyinə və motivasiyasına müsbət təsir göstərir.
Anar Abdullayev komandanın həm “Qarabağ”la oyunda, həm də çempionatın növbəti turlarında uğurlu nəticələr qazanmaq, Gəncəni layiqincə təmsil etmək üçün bütün imkanlarını səfərbər edəcəyini vurğulayıb.
Görüş zamanı Niyazi Bayramov futbolçuların məşq prosesini izləyib, klub rəhbərliyi ilə komandanın fəaliyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Sonda klub tərəfindən şəhər rəhbərinə xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.
Gəncədə futbol həmişə idman yarışından daha böyük məna daşıyıb. “Kəpəz” bu şəhərin futbol ənənələrinin, azarkeş sevgisinin və qürurunun ayrılmaz hissəsidir. İndi isə bütün diqqətlər noyabrın 22-də keçiriləcək qarşılaşmaya yönəlib. Gəncəli azarkeşlər sevimli komandalarından əzmkar oyun və layiqli mübarizə gözləyirlər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə