sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Kəpəz"də maliyyə vəziyyəti heç də ürəkaçan deyil. Gəncə təmsilçisinin büdcəsində yaranan problemlər artıq klubun fəaliyyətinə də təsir göstərməyə başlayıb.
Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, klub rəhbərliyi futbolçuların qazandıqları mükafatları ödəyə bilmək üçün bankdan kredit götürmək məcburiyyətində qalıb.
Bəli, səhv oxumadınız! Komanda uğurlu çıxış edir, futbolçular yaxşı nəticələr qazanır, mükafatlar qazanır, klub isə həmin "premiyaları" ödəmək üçün borca girir.
Anar Abdullayevin İdarə Heyətinin sədri olduğu Gəncə klubunda vəziyyət bu həddə çatıb. Məlumata görə, rəhbərlik futbolçuların motivasiyasını qorumaq, mükafatları kəsməmək və komandanın uğurlu seriyasına xələl gətirməmək üçün kredit götürülməsinə qərar verib.
Əslində, rəhbərliyin futbolçuları mükafatsız qoymaq istəməməsi başadüşüləndir. Komanda əziyyət çəkir, nəticə qazanır və haqq etdiyi mükafatı gözləyir. Ancaq burada daha ciddi sual ortaya çıxır: Bir klubun futbolçularına mükafat ödəmək üçün bankdan kredit götürməsi nə dərəcədə normaldır?
Görəsən, "Kəpəz"in maliyyə planlaması necə aparılır? Mövsümün əvvəlində büdcə hesablanarkən mümkün uğurlu nəticələr, mükafatlar və digər xərclər nəzərə alınmayıbmı? Yoxsa Gəncə təmsilçisinin rəhbərliyi komandanın uğur qazanacağına o qədər də inanmırmış?
İşin bu tərəfinə baxın: futbolçular meydanda qələbə qazandıqca klubun borcu artır. Adətən uğur kluba əlavə gəlir, nüfuz və perspektiv qazandırmalıdır. "Kəpəz"də isə uğurlu seriyanın arxasında bank krediti dayanır.
Halbuki söhbət sıradan bir komandadan getmir. Gəncə Azərbaycanın futbol ənənələri olan şəhərlərindən biridir. Belə bir klubun maliyyə məsələlərini bu vəziyyətə gətirmək ciddi suallar doğurur.
"Kəpəz" Misli Premyer Liqasının 12 turundan sonra 11 oyunda topladığı 18 xalla 6-cı pillədə qərarlaşıb. Gəncə təmsilçisinin ehtiyatda bir oyunu da var. Yəni meydanda hər şey pis deyil. Bəs meydandan kənarda? Ən acınacaqlısı da budur: "Kəpəz" futbolçularının qələbələrinə görə mükafat ödəyir, amma görünür, bu mükafatların maliyyə təminatını əvvəlcədən qura bilmir.
Bu gün premiyalar üçün kredit götürülür. Bəs sabah digər xərclər necə qarşılanacaq? Futbolçuların maaşları, klubun gündəlik fəaliyyəti, səfər və təşkilati xərclər hansı vəsait hesabına ödəniləcək?
Anar Abdullayev və klub rəhbərliyi bu suallara cavab verməlidir. Çünki Gəncə futbolu kredit hesabına yaşamalı deyil. "Kəpəz"in uğuru bank borcu ilə ölçülməməlidir.
Meydanda qələbələrin sayı çoxaldıqca, bankda kredit artır… Gəncə futbolunun yeni reallığı budurmu?