“Kəpəz”in arzuladığı “sülh”, “Qəbələ” üçün pley off variantı

10.05.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qəbələ” Misli premyer Liqasının XXXI turunda azarkeşləri önündə “Qarabağ”la heç-heçə edib. Bölgə təmsilçisi ilk hissəni geridə tamamlasa da, fasilədən sonra hesaba tarazlıq gətirib və yekunda meydanı bərabərliklə tərk edib – 1:1.

Turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan “Qəbələ” aktivinə bir xal yazdırmaqla böyük ölçüdə sonuncu olmayacağını dəqiqləşdirdi. Nəticə “Qarabağ”la “Qəbələ”dən daha çox “Kəpəz”in işinə yaradı. Bu turda çempion “Sabah”ı məğlub edən Gəncə təmsilçisi liqadakı yerini təmin etdi.

Sonuncu “Karvan-Yevlax” bu gün Tovuzda məğlub olacağı halda, I Liqaya yuvarlanacaq. “Qəbələ” isə elitada qalmaq uğrunda pley-off oynayacaq. Rəqib isə böyük ehtimalla “Səbail” olacaq. Komandaların durumuna nəzər salsaq, “Qəbələ” elitada qalmağa daha yaxın tərəfdir. Həm heyət, həm də sərgilənən oyun “qırmızı-qaralar”ı üstün göstərir.

“Qəbələ” ümumiyyətlə, bu mövsüm çempionatda ən çox qol epizodu yaradan komandadır. Bölgə klubunun bu mövqedə olmasının başlıca səbəbi keyfiyyət və təcrübə çatışmazlığıdır.

“Qarabağ”da isə artıq hər kəs mövsümün bitməsini arzulayır. Fiziki və psixoloji yorğunluq özünü göstərir. Çempionlar Liqasında tarixi mövsüm keçirən “atlılar” artıq gücdən düşüb və komandanın yaxşı istirahətə ehtiyacı var.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью