Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yazıçı Kəramət Böyükçöl sosial şəbəkələrdə və cəmiyyətdə dini məsələlər ətrafında yaranan fikir ayrılıqları barədə fikirlərini bölüşüb.
Gununsesi.info -nun xəbərinə görə, o, ölkədə hər hansı hadisə baş verən kimi insanların iki cəbhəyə ayrıldığını bildirib:
“Bizdə düşüncə ancaq ağ və qaradan ibarətdir. Adamlar səndən ya “hə’”, ya da “yox” gözləyir. Ya o, ya da bu. Başqa variant yoxdur”.
Kəramət Böyükçöl bildirib ki, ötən gün TikTok-da canlı yayım açan ateistin döyülməsindən sonra yaşadığı məhəllədə də insanlar Allahın varlığı və yoxluğu məsələsi ətrafında mübahisə etməyə başlayıblar.
“Dünən axşam evə gələndə gördüm ki, TikTokda canlı açan ateistin döyülməsindən sonra məhlənin boş-bekar kişiləri yenə iki yerə bölünüb. Yarısı deyir, Allah var, yarısı da deyir, yoxdur. Məni görən kimi yanlarına çağırdılar ki, gəl bəri, sən bilərsən, Allah var, yoxsa yoxdur?” – deyə yazıçı qeyd edib.
Böyükçöl özünün bu suala verdiyi cavabın isə hər iki tərəfi narazı saldığını söyləyib:
“Qayıtdım ki, cavan vaxtı mən də deyirdim ki, Allah yoxdur. Evdəkilər o qədər danışdı, axırda dedim, var”.
Yazıçı fikrincə, “Allah var, yoxsa yoxdur?” sualı dünya durduqca müzakirə olunacaq mövzulardandır.
“Mənim fikrimə görə dünya durduqca bu mövzu da duracaq. Allah var, yoxsa yoxdur? Cavab isə budur: inanırsansa var, inanmırsansa yoxdur. Vəssalam. Bununla da söhbəti özüm üçün bağladım”, – deyə o bildirib.
Böyükçöl əlavə edib ki, dünyanın böyük filosoflarının və düşüncə adamlarının əsrlərdir sonunu gətirə bilmədiyi bir məsələyə görə ömrünü mübahisəyə sərf etmək istəmir.
“Dindarla dindaram, ateistlə də ateist. İkisinin də cavabı məndə hazırdır. ‘Hə də, var, əl çək məndən’. ‘Yaxşı da, yoxdur, başa düşdüm’. Bunu isə ona görə edirəm ki, mübahisə düşməsin”, – deyə yazıçı vurğulayıb.
O, həm dindar, həm də ateist dostlarının olduğunu, hər iki tərəfdən bəzi insanların daim qarşı tərəfə öz fikrini sübut etməyə çalışdığını bildirib.
Böyükçöl yazısının sonunda isə Məkkədə Allahın olmadığını bəyan etməyin düzgün olmadığını qeyd edib:
“Allah var, yoxsa yoxdur, bu, ayrı bir məsələdir. Amma gedib Məkkədə Allah yoxdur deməyin bircə adı var: axmaqlıq”.
Orxan
Gununsesi.info