futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah” UEFA Çempionlar Liqasının V turunda bu gün “Barselona”nı qəbul edəcək. Görüşə saat 21:45-də start veriləcək.
Veteran futbolçu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Azarkeşlər, klub, Azərbaycan futbolu üçün xüsusi gündür. “Sabah”ın meydanda futbolun gözəlliyini göstərəcəyinə inanıram. “Barselona” ölkəmizə gələn ən titullu, ən böyük komandadır. Favorit “Barselona”dır, bunu müzakirə etmək olmaz. Onların necə oynadığını hər kəs bilir. Dominant futbol, topa nəzarət kataloniyalılar üçün prioritetdir. Üslublarını hər zaman qoruyub-saxlayırlar”.
Mütəxəssis təmsilçimizin kataloniyalılara qarşı necə oynamalı olduğunu qeyd etdi:
“Barselona”dan topu alan kimi sürətli hücuma çıxmaq lazımdır. Çünki başqa cür onlara təhlükə yaratmaq çox çətindir. İrəlidə pressinq də önəmlidir. “Barselona”nın fəlsəfəsi odur ki, top itirdinsə, 4-5 saniyəyə geri almalısan. Buna görə bu gün “Sabah”ın topla rəftarı çox vacib olacaq”.
Kərimov bugünkü matçda nəticənin yox, sərgilənən futbolun önəmli olduğunu vurğuladı:
“Barselona” kimi komandaya qarşı ən yaxşı futbolunu oynasan belə bəs etməyə bilər. Dünyanın ən güclü komandası ilə üz-üzəyik. Məğlubiyyət və qollar buraxmaq normaldır. Bu matçdan yalnız zövq almalıyıq. Futbolçular üçün də bu, gələcəkdə danışa biləcəkləri böyük hadisələrdən biridir.
“Sabah” bundan əvvəl də güclü komandalarla qarşılaşıb və kifayət qədər yaxşı oyun göstərə biliblər. Bu dəfə də şanslarının olacağını düşünürəm. Futboldur və sadəcə həzz almaq lazımdır. “Sabah”a uğurlar arzu edirəm. Nəticədən asılı olmayaraq, onlar ölkə futbolu üçün böyük bayrama səbəb olublar”.
Şahin Cəfərov