Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Guya, diplomat imişlər
Kərki kənd təsərrüfatında torpağı qazmaq, yumşaltmaq və çevirmək üçün istifadə olunan əl alətdir. Kərki, eyni zamanda, ölkəmizin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən və hazırda Ermənistanın nəzarətində olan eksklavdır. Ermənilər kəndi Tiqranaşen adlandırırlar. Bunları təsadüfən xatırlatmadıq.
Məsələ ondadır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Kərki kəndi ilə bağlı açıqlaması ölkədə isterik vəziyyət doğurub. Halbuki, Nikol reallığı deyib. O bildirib ki, beynəlxalq hüquqla tanınmış 29743 kvadratkilometr ərazisi olan Ermənistanın tərkibində Kərki, eləcə də digər anklavlar yoxdur.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi aradan qaldırmaqdır ki, normal qərarlar qəbul etmək mümkün olsun. Amma kimsə deyirsə ki, “Kərki Ermənistandadır”, bu o deməkdir ki, ərazinin 29743 kvadratkilometr deyil, məsələn, 29750 kvadratkilometr olduğunu demək lazımdır ki, bu da müharibə elan etmək deməkdir”, - deyən Paşinyan, həmçinin ölkənin Ararat vilayətində Tiqranaşen kəndinin olacağını vəd edib. Yəni təxminən belə: ermənilərə Tiqranaşen lazımdırsa, bu adlı kənd Ermənistanın öz ərazisində olsun.
Ermənistanda isterik vəziyyət və qəzəb doğuran Nikolun məhz bu açıqlamasıdır. İsteriayaya qapılanlar, hiddət boğçasının ağzını açanlar isə ölkənin revanşist və şovinist kəsiminin təmsilçiləridir. İndiki halda, söhbət Ermənistan Parlamentinin “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyandan gedir. O Karapetyan ki, hazırda ev dustaqlığında olan rusiyalı iş adamı Samvel Karapetyanın dili ilə danışır. O Samvel ki, “Güclü Ermənistan” partiyasının sədridir və vaxtaşırı Paşinyan iqtidarına son qoyacağına, ölkənin “əvvəlki qüdrətini özünə qaytaracağına” dair bəzək-düzəkli açıqlamalar verməkdədir. Heç şübhəsiz, o, sərsəmləyərkən rus amilinə güvənir. Kərkinin işğalında rol oynayan amilə. Mövzuya qayıdacağıq.
Beləliklə, N.Karapetyan Paşinyanın Kərki açıqlamasını müharibə təhlükəsi altında Azərbaycanın tələblərinə güzəşt siyasəti yürütmək kimi qiymətləndirib. O, “Facebook”da yayımladığı videomüraciətdə qeyd edib ki, Baş nazirin məntiqinə görə, Bakının tələblərini yerinə yetirməkdən imtina etmək müharibəyə səbəb ola biləcək addım kimi təqdim olunur: “Konstitusiyanı dəyişdirin, yoxsa müharibə olacaq, İstiqlal Bəyannaməsini çıxarın, yoxsa müharibə olacaq, Tiqranaşeni verin, yoxsa müharibə olacaq. Bu, nə vaxta qədər davam edəcək?”.
Bəri başdan deyək ki, bu, karapetyanların ağzının tamamilə yumulmasınadək davam etməli prosesdir. Çünki Narek onu da bildirib ki, Kərki kəndi ilə bağlı məsələdə Ermənistan birtərəfli güzəştlərə getməməli, əksinə, danışıqlar yolu ilə yaşayış məntəqəsinin ölkə ərazisində qalmasına nail olmağa çalışmalıdır. Çünki kənddən keçən yolun strateji əhəmiyyəti var, bu yol Ermənistanın xarici ticarəti baxımından mühüm marşrutlardan biridir və hər il onun vasitəsilə təxminən 2 milyon ton yük daşınır: “Dəfələrlə demək olmaz ki, bunu etməyin – müharibə olacaq, onu etməyin – müharibə olacaq. Diplomatiya belə aparılmır”.
Görəsən, diplomatiya necə aparılırmış? Yaxşı olardı ki, N.Karapetyan bu barədə də danışaydı. Amma çətin danışsın. Çünki onun deyəcəyi heç nə yoxdur. Ümumən, Narekin diplomatiyanın “d” hərfindən xəbəri yoxdur, heç olmayıb da. Eləcə də onun şefi Samvelin. Əks halda, hər ikisi sərsəmləməyi həyat devizinə, mübarizə vasitəsinə çevirməzdilər. Görəsən, nareklərə keçmiş heçmi dərs olmayıb? Axı o keçmiş çox da uzaqda deyil. 2020-ci ilin 44 günlük müharibəsini, 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərini nəzərdə tuturuq...
30 ilə yaxın davam etmiş Qarabağ danışıqları mərhələsi də var. O mərhələ ki, guya, meydanda diplomatiya idi. Əslində isə mahiyyət Qarabağı və digər işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistana peşkəş etmək üzərində qurulmuşdu. Amma olmadı. Paşinyanın dediyi oldu. Yəni müharibə. O müharibə ki, Ermənistana çox baha başa gəldi, ölkə acınacaqlı və rüsvayçı məğlubiyyətlə üzləşdi. İndi Karapetyanların istədikləri yeni müharibədir? Axı ortada işğal faktı var. Söhbət Kərki kəndinin işğalından gedir. Görəsən, bunu anlamaq çoxmu çətindir? Axı keçmişin həm də tarix payı var.
Tarix isə budur ki, Kərki kəndinin işğalı, ümumən, Azərbaycan-Ermənistan münaqişəsinin ilk mərhələsinin mühüm hadisələrindəndir. Hadisə Qarabağ müharibəsinin genişmiqyaslı fazaya daxil olmasından əvvəl – 1990-cı ilin yanvarında yaşanıb. Bundan əvvəl, yəni 1988-ci ildən etibarən Ermənistan ərazisindən Kərkiyə silahlı hücumlar olub, kənd intensiv atəşə tutulub.
1989-cu ilin sonlarına doğru vəziyyət daha da ağırlaşıb. O zaman Kərki ilə Sədərək arasındakı yolun kəsilməsi faktiki mühasirə şəraiti doğurub. 1990-cı il yanvarın 15-də isə Kərkiyə hücumlar genişmiqyaslı xarakter alıb. Kənd sakinlərinin xatirələrinə görə, həmin gün sovet hərbçilərinin təkidi ilə əhalinin böyük hissəsi ərazini tərk etməyə məcbur olub. Yanvarın 18-də isə kəndin silahlı müdafiəçilərinin sonuncuları da kənddən çıxıb.
Yeri gəlmişkən, Kərki hadisəsinin ən mühüm tərəflərindən biri SSRİ silahlı qüvvələrinin 7-ci ordusunun prosesdəki roludur. Bu səbəbdən hadisə yalnız Ermənistan-Azərbaycan qarşıdurması deyil, həm də Sovet hakimiyyətinin Naxçıvan məsələsindəki siyasətinin mühüm epizodudur. O hakimiyyət ki, qurulandan 1969-cu ilədək Azərbaycan ərazilərindən ermənilərə “hədiyyələr” vermişdi. Bu mənada, Kərkini, müəyyən mənada, son hədiyyə kimi də qiymətləndirmək mümkündür...
Bəli, işğal olunmuş bütün torpaqlar qayıtdığı kimi, Kərki də Azərbaycana qayıtmalıdır. Kənddən keçən yol Ermənistan üçün strateji əhəmiyyətə malikdir və sair bu kimi açıqlamanın heç bir əhəmiyyəti yoxdur, ola da bilməz. Əvvəldə Kərkinin həm də kənd təsərrüfatı aləti olduğunu da təsadüfən vurğulamadıq. Bu alət lazım olsa, həm də soyuq silah kimi istifadə edilə bilər. Məsələn, Narek Karapetyana qarşı. O və ona bənzər məxluqlar diplomatiyanı işğalı leqallaşdırmaq üçün alətə çevirmək istəyən, bəlkə özləri də fərqinə varmadan müharibəyə təhrik edən miskin və rəzillərdir. Belələrinin başı əzilməlidir.
Ə.RÜSTƏMOV
XQ