“Kəsilən uşaqları qınamayın” Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

27.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Universitet və ixtisas seçimi həm şagird, həm də valideyn üçün kifayət qədər həssas və stresli bir mərhələdir. Çünki burada söhbət yalnız bir universitet seçimindən deyil, uşağın gələcək həyatı ilə bağlı qərardan gedir".

Bu fikirləri Redaktor.az-a universitetdən kəsilən abituriyentlərin psixologiyası haqqında danışan psixoloq Zeynəb Əyyubova bildirdi. O əlavə etdi ki, bu mərhələdə valideynin əsas rolu uşağın yerinə qərar vermək yox, onun düzgün qərar verməsinə dəstək olmaqdır:

"Universitetə qəbul ola bilməmək bəzi abituriyentlər üçün ciddi psixoloji sarsıntıya çevrilə bilər. Xüsusilə uzun müddət imtahana hazırlaşan və böyük gözləntiləri olan gənclər nəticədən sonra özlərini uğursuz və dəyərsiz hiss edə bilərlər. Bu mərhələdə valideynlərin davranışı çox vacibdir. Uşağı nəticəyə görə qınamaq, başqaları ilə müqayisə etmək və ya “bu qədər oxudun, amma nəticən bu oldu” kimi ifadələr işlətmək onun psixoloji durumunu daha da ağırlaşdıra bilər. Valideyn övladına hiss etdirməlidir ki, bir imtahan nəticəsi onun gələcəyini və bacarığını müəyyən etmir. Uşağın ən çox ehtiyacı olan şey tənqid deyil, anlayış və dəstəkdir. “Bu dəfə alınmadı, amma biz sənin yanındayıq” kimi yanaşma onun özünəinamını qorumağa kömək edə bilər.

Əgər abituriyent uzun müddət özünə qapanır, davamlı ümidsizlik yaşayır və gündəlik həyatına davam etməkdə çətinlik çəkirsə, bu vəziyyətə ciddi yanaşmaq və ehtiyac olduqda psixoloq dəstəyinə müraciət etmək lazımdır. Valideynlər həmçinin dərhal gələcək planlarla bağlı təzyiq göstərməməli, uşağa yaşadığı məyusluğu qəbul etmək və toparlanmaq üçün vaxt verməlidirlər. Daha sonra isə alternativ yolları birlikdə müzakirə etmək olar. Valideynlərə bir mesajım da budur: bu dövrdə uşağınızın yalnız nəticəsinə deyil, emosional vəziyyətinə də diqqət edin. Bəzən şagirdin ən çox ehtiyac duyduğu şey əlavə təzyiq deyil, “nəticə necə olursa-olsun, biz sənin yanındayıq” cümləsini eşitməkdir. Bu, uşağın həm özünəinamını, həm də qərarvermə qabiliyyətini gücləndirir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью