Keyfiyyətli ssenari üçün nə lazımdır?

24.06.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ölkə kinematoqrafiyasında ssenari yaradıcılığı və bu sahədəki kadr hazırlığı məsələləri aktual  olaraq qalır. Tanınmış rejissor və ssenarist Əli İsa Cabbarov “Yeni Azərbaycan”a açıqlamasında sahənin mövcud mənzərəsini dəyərləndirib, təhsil müəssisələri üçün vacib olan məqamları diqqətə çatdırıb.

Ssenari sahəsində hazırda müəyyən dinamikliyin müşahidə olunduğunu bildirən Əli İsa Cabbarov, buna baxmayaraq keyfiyyət göstəricilərinin aşağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc müəlliflər çox vaxt elementar bilgilərə yiyələnmədən ssenari yazmağa cəhd göstərirlər. “Bir qayda olaraq, təqdim olunan ssenarilərdə ciddi struktur problemləri var. İlkin nəzəri biliklər olmadan peşəkar iş ortaya qoymaq çətindir”, - deyə Əli İsa Cabbarov bildirib.

Ssenarist təkmilləşmə prosesində ssenari təlimlərinin və müsabiqələrin rolunu xüsusi qeyd edir. O bildirir ki, Kinematoqrafçılar İttifaqı hazırda bu istiqamətdə aktiv fəaliyyət göstərir, həm müsabiqələr təşkil edir, həm də dərsliklərin çapını həyata keçirir. Cabbarovun fikrincə, sistemli inkişaf üçün həm nəzəri bazanın (dərsliklərin) zənginləşdirilməsi, həm də gənclərin özlərini sınaqdan keçirəcəyi platformaların olması şərtdir.

Mütəxəssis təhsil ocaqlarında yanaşmanın dəyişməli olduğunu düşünür. O, təhsil müəssisələrinə aşağıdakı addımları atmağı tövsiyə edir:

- Praktik məşğələlər: Akademik saatlarla yanaşı, praktik dərslərin sayı artırılmalıdır.

- Ustad dərsləri: Sahənin peşəkarları ilə mütəmadi “master-klaslar” təşkil olunmalıdır.

- Canlı ünsiyyət: Tələbələr proqram çərçivəsindən çıxmalı, real peşə adamları ilə təcrübə mübadiləsi aparmalıdırlar.

Əli İsa Cabbarovun qənaətinə görə, yalnız təcrübə və nəzəriyyənin vəhdəti sayəsində kino sahəsində kadr hazırlığının keyfiyyətini yüksəltmək mümkündür

Əli MƏMMƏDLİ,

Bakı Dövlət Universitetinin tələbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью