Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Britaniya şahzadəsi Keyt Middlton və şahzadə Uilyam Hindistana səfərləri çərçivəsində qatıldıqları “Earthshot” mükafatlandırma mərasimində Bollivud filmlərini xatırladan obrazları ilə diqqət çəkiblər. Xərçəng müalicəsinə görə dörd illik fasilədən sonra ilk dəfə bu tədbirdə iştirak edən Keyt Middlton kraliça II Elizabetin kolleksiyasından seçdiyi zinət əşyaları ilə də maraq doğurub.
Sherg.az xəbər verir ki, kral ailəsinin nümayəndələri Mumbay şəhərində keçirilən mərasimdə ənənəvi hind geyimlərinə üstünlük veriblər. Keyt Middlton hindistanlı dizayner Mahima Mahajanın hazırladığı qırmızı Anarkali libasında, şahzadə Uilyam isə Manish Malhotranın xüsusi tikdiyi ənənəvi Bandhgala geyimində olub.
Qeyd edək ki, şahzadə Uilyamın 2020-ci ildə təsis etdiyi “Earthshot” mükafatı planetin ən ciddi ekoloji problemlərinə innovativ həll yolları tapan layihələri dəstəkləyir. Bu il beş qalib müəyyənləşdirilib və hər birinə 1 milyon funt sterlinq mükafat təqdim olunub.
Şahzadə Uilyam və Keyt Middlton Hindistana səfərlərinə bazar ertəsi başlayıblar. Cütlüyün proqramına küçə kriketi oynamaq, elektrikli rikşa ilə gəzinti və ölkənin tanınmış simaları ilə görüşlər daxil olub. Onların bu gün Hindistanın Baş naziri Narendra Modi ilə görüşü də planlaşdırılır.
Keyt Middlton 2024-cü ilin martında xərçəng müalicəsi aldığını açıqlamış, 2025-ci ilin yanvarında isə sağaldığını bildirmişdi. Hazırda o, ictimai və rəsmi vəzifələrinə mərhələli şəkildə qayıdır.