Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kiber cinayət dünyası texnologiyanın qaranlıq tərəfi ilə birləşərək qorxuducu bir miqyas alıb.
Qaynarinfo-nun məlumatına görə, "Group-IB” tədqiqatçıları tərəfindən yayımlanan yeni hesabat göstərir ki, cinayətkarlar artıq süni intellekti (Al) sadəcə eksperimental alət kimi deyil, birbaşa hücum infrastrukturunun mərkəzinə yerləşdiriblər. Əvvəllər ixtisas və zaman tələb edən mürəkkəb hücumlar bu gün "Telegram” üzərindən kredit kartı ilə icarəyə götürülə bilən ucuz xidmətlərə çevrilib. Süni intellekt kiber cinayətin adətən "infrastruktur sistemi”nə çevrilərək qanunsuz fəaliyyətlərin sürətini və miqyasını görünməmiş səviyyəyə qaldırıb.
Qaranlıq internet forumlarında süni intellektə marağın miqyası rəqəmlərlə daha aydın görünür. 2019-cu ildən bəri süni intellekt mövzulu başlıqların sayı 371 faiz artıb, bu başlıqlara verilən cavabların sayı isə təxminən 12 dəfə çoxalıb. Təkcə 2025-ci il ərzində siber cinayət forumlarında süni intellekt yönümlü 23 mindən çox yeni paylaşım və 300 minə yaxın cavab dərc edilib. Bu mənzərə cinayət aləminin süni intellekti keçici trend kimi deyil, əksinə, iş üsullarını tamamilə bu texnologiya üzərində qurduğunu göstərir.
Qaranlıq LLM: Cinayət üçün ixtisaslaşdırılmış süni intellektlər
Hesabatın ən diqqətçəkən hissələrindən biri də "Dark LLM” kimi tanınan qaranlıq dil modellərinin yüksəlişidir. ChatGPT kimi populyar botlardan fərqli olaraq, bu modellər tamamilə dələduzluq və zərərli proqram istehsalı üçün hazırlanır və öyrədilir. Aylıq cəmi 30 dollar kimi simvolik məbləğlə icarəyə verilən bu modellərin minlərlə istifadəçisi var. Bu sistemlər "Tor” şəbəkəsinin arxasında gizlənərək heç bir təhlükəsizlik qaydasına əməl etmir və cinayətkarların işini asanlaşdırmaq üçün davamlı yenilənir.
Süni intellekt yalnız mətnlə məhdudlaşmır. Məsələn, səs və görüntü təqlidi edən deepfake alətləri də bazarın favoritinə çevrilib. Artıq süni intellektlə yaradılmış saxta şəxsiyyət dəsti cəmi 5 dollara satılır. Bu ucuz əlçatanlıq dələduzluğun miqyasını da nəhəng rəqəmlərə çatdırıb. Yalnız bir rübdə deepfake mənşəli təsdiqlənmiş itkilərin həcmi 347 milyon dollara yüksəlib. Şirkət rəhbərlərinin səsinin təqlid olunmasından tutmuş, saxta görüntülü zənglərlə bankların aldadılmasına qədər müxtəlif üsullardan istifadə edilir. Hətta bəzi çağrı mərkəzləri ilkin təması qurmaq üçün süni intellekt tərəfindən yaradılmış sintetik səslərdən yararlanmağa başlayıb.
Bu texnoloji transformasiya klassik təhlükəsizlik tədbirlərini də aciz vəziyyətə salır. Mətnin, səsin və görüntünün saniyələr içində gerçəyindən demək olar ki, ayırd edilə bilməyəcək şəkildə istehsal olunduğu bir mühitdə hücumun arxasında kimin dayandığını müəyyənləşdirmək mümkünsüzləşir. Siber cinayətkarlar köhnə üsullarını yeni və daha güclü mühərriklə qlobal miqyasda tətbiq etməyə davam edirlər. Statik müdafiə xətləri bu dinamik hücumlar qarşısında çətinlik çəkir və rəqəmsal dünyanın təhlükəsizliyi əvvəlkindən daha kövrək hala gəlir.
Aydın