Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Müasir dövrdə kibertəhlükəsizlik artıq ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin əsas məsələlərindən biridir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekt, kiberimkanlar və yeni nəsil texnologiyalar qlobal güc balansını yenidən formalaşdırır. Bu texnoloji transformasiya təhlükəsizlik mühiti ilə yanaşı, dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini də dəyişir.
Z.Əsgərovun sözlərinə görə, belə mürəkkəb şəraitdə kiberdiplomatiya dövlətlərin kiberməkanda məsuliyyətli davranışının təşviqi, transsərhəd risklərin idarə olunması və etimad mühitinin qurulması üçün mühüm strateji alətə çevrilir.
O qeyd edib ki, süni intellektin sürətli inkişafı informasiya müharibələri, “deepfake” texnologiyaları, kiberhücumların mənbəyinin müəyyənləşdirilməsi və kritik infrastrukturun mühafizəsi ilə bağlı yeni çağırışlar yaradır.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, iri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri strateji müstəqilliklə beynəlxalq tərəfdaşlıq arasında həssas balans tapmağa vadar edir.
Z.Əsgərov əlavə edib ki, rəqəmsal texnologiyalar dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və idarəetmə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilsə də, texnoloji tərəqqi kiberhücumlar, kritik infrastrukturlara yönələn hədəfli təhdidlər və hibrid müharibə elementlərini də özü ilə gətirir.
Onun sözlərinə görə, istənilən dövlətin rəqəmsal sərhədlərinin təhlükəsizliyi bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir.
Zeynəb Rzayeva