Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bakı Təşəbbüs Qrupu beynəlxalq platformalarda müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını müdafiə edən, onların problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran və fikir müxtəlifliyinin təmin olunmasına töhfə verən təşkilatdır. Xüsusilə Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı məsələlərin beynəlxalq müstəvidə gündəmə gətirilməsi təşkilatın fəaliyyətinin mühüm istiqamətlərindəndir”.
Bu fikirləri rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, təşkilat bu günə qədər, başda Yeni Kaledoniya məsələsi olmaqla, Fransanın müstəmləkəçiliyinin müasir təzahürlərini ciddi şəkildə ifşa edib:
”Bu isə, təbii ki, rəsmi Parisi narahat edir. Eyni zamanda, Hindistan amili də xüsusi maraq doğurur. Belə ki, rəsmi Dehlini narahat edən sikx məsələsi Bakı Təşəbbüs Qrupunun diqqət mərkəzində olan mövzulardandır. Hətta sikx icmasının nümayəndələri Bakıya dəvət olunub və təşkilatın keçirdiyi tədbirlərdə iştirak ediblər.
Belə bir şəraitdə BTQ-nin sosial media hesablarına və rəsmi internet saytına Fransa və Hindistan ərazisindəki şəbəkələrdən yönələn sistemli kiberhücumlar təşkilatın informasiya fəaliyyətinə ciddi müdaxilə cəhdidir. Bu cür hücumlar yalnız hesabların ələ keçirilməsi ilə məhdudlaşmır, eyni zamanda informasiya resurslarının fəaliyyətinin dayandırılmasına və ictimai kommunikasiya imkanlarının məhdudlaşdırılmasına yönələ bilər.
Beynəlxalq kibertəhlükəsizlik hesabatlarında Hindistanla əlaqələndirilən qruplar xüsusi ilə aktivdir. SideWinder və Patchwork kimi qruplar bunlara misal ola bilər. Bu qrupların istifadə etdiyi metodlar arasında fişinq hücumları, saxta keçidlər və sənədlər vasitəsilə məlumatların ələ keçirilməsi, zərərli proqram təminatlarının yayılması yer alır. Avropa məkanında isə NoName057(16), Keymous+ və Dark Storm Team kimi haktivist qrupların DDoS hücumları ilə müxtəlif ölkələrin dövlət və ictimai resurslarını hədəfə aldığı qeydə alınıb. Bu nümunələr müasir kiberhücumların nə qədər müxtəlif üsullarla həyata keçirildiyini göstərir.
Bu baxımdan, BTQ-nin rəqəmsal müdafiəsinin gücləndirilməsi üçün ilk növbədə sosial media hesablarında ikimərhələli autentifikasiya tətbiq edilməli, giriş cəhdləri daimi monitorinq olunmalı, hesabların idarəetmə səlahiyyətləri məhdudlaşdırılmalı və güclü texniki müdafiə sistemləri qurulmalıdır. Rəsmi internet saytının DDoS hücumlarından qorunması, ehtiyat nüsxələrin yaradılması və sosial media platformalarının təhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlığın gücləndirilməsi də vacibdir.
Ən əsası, kibertəhlükəsizlik birdəfəlik tədbir kimi deyil, davamlı proses kimi təşkil olunmalıdır. Məqsəd yalnız mövcud hücumları dəf etmək deyil, həm də təşkilatın gələcək rəqəmsal təzyiqlər qarşısında dayanıqlılığını təmin etməkdir”.