Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin və dünyanın ən mühüm nəqliyyat qovşaqlarından biri olan İstanbul Hava Limanında qeydə alınan şirniyyat qiymətləri sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
Milli.Az yerli mediaya istinadla xəbər verir ki, hava limanındakı kafelərdən birində ənənəvi türk mətbəxinin rəmzlərindən sayılan paxlavanın bir diliminin astronomik qiymətə təklif edilməsi sərnişinləri heyrətə gətirib. Vitrindəki qiymətləri görən bir sərnişin dərhal mobil telefonunun kamerası ilə həmin anları qeydə alıb və sosial şəbəkədə paylaşıb.
Sözügedən görüntülərdə milli şirniyyatların xarici valyuta ilə qiymətləndirildiyi və tək bir dilim paxlava üçün tam 8 avro (təxminən 16 AZN) tələb olunduğu aydın görünür. Qiymət etiketini çəkən sərnişin yaşadığı təəccübü gizlədə bilməyərək, Türkiyədəki bahalığın gəldiyi son nöqtəyə diqqət çəkib. O, bu mənzərə ilə qarşılaşdıqdan sonra artıq dünyanın heç bir ölkəsinə "baha" deyə bilməyəcəyini və qiymət qavrayışını tamamilə itirdiyini bildirib.
Qısa müddətdə viral olan bu video istehlakçıların böyük təpkisinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri xüsusilə hava limanlarındakı iaşə obyektlərində qiymətlərin həddindən artıq şişirdilməsini tənqid edərək, bu cür tariflərin həm yerli sərnişinlər, həm də ölkəyə gələn turistlər üçün qəbuledilməz olduğunu vurğulayıb.
Milli.Az