Kiçik məbləğlərdən böyük yığıma aparan 10 maliyyə prinsipi

19.11.2026

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Böyük məbləğdə pul toplamaq üçün mütləq yüksək gəlir əldə etmək lazım deyil. Bəzən gündəlik xərclərdən ayrılan kiçik məbləğlər, müntəzəm yığım vərdişi və düzgün maliyyə planı illər ərzində əhəmiyyətli kapital formalaşdıra bilər. Əsas məsələ nə qədər pul qazanmaqdan əlavə, əldə olunan gəlirin hansı hissəsinin qorunub saxlanılmasıdır.

ABŞ-ın Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) dərc etdiyi materiallarda kiçik məbləğlərlə başlanan müntəzəm yığımın zamanla əhəmiyyətli vəsaitə çevrilə biləcəyi vurğulanır. Qurum gəlirin müəyyən hissəsinin əvvəlcədən yığıma ayrılmasını və bu prosesin avtomatlaşdırılmasını tövsiyə edir.

Bəs kiçik məbləğlərlə böyük yığım yaratmaq üçün hansı üsullardan istifadə etmək olar?

1. Böyük məbləğ gözləmədən yığıma başla

İnsanların yığım etməyə başlamasını gecikdirən səbəblərdən biri gəlirlərinin kifayət qədər yüksək olmadığını düşünmələridir. Halbuki yığım üçün böyük məbləğə sahib olmaq şərt deyil.

Məsələn, hər gün cəmi 1 manat kənara qoyan şəxs ay ərzində təxminən 30, il ərzində isə 365 manat toplaya bilər. Bu məbləğ beş il ərzində 1 825 manata çatır. Burada heç bir faiz gəliri və əlavə investisiya nəzərə alınmayıb.

Bu yanaşmanın əsas üstünlüyü yığım vərdişinin formalaşmasıdır. Məbləğ kiçik olsa belə, davamlılıq insanın maliyyə davranışını dəyişə bilər.

2. Özünə pul ödəməyi prioritetə çevir

Yığım zamanı ən çox istifadə edilən yanaşmalardan biri “özünə əvvəlcə ödə” prinsipidir. Bu üsula əsasən, insan maaşını aldıqdan sonra xərclərini qarşılamağa başlamazdan əvvəl gəlirinin müəyyən hissəsini yığıma ayırır.

Məsələn, aylıq gəliri 1 000 manat olan şəxs bunun 5 faizini, yəni 50 manatını əvvəlcədən kənara qoya bilər. İldə 600 manat, beş ildə isə 3 000 manat toplanar.

Burada vacib məqam yığım məbləğinin insanın gəlirinə və zəruri xərclərinə uyğun müəyyənləşdirilməsidir. Hər kəs üçün eyni faiz uyğun olmaya bilər. Gəlir azdırsa, daha kiçik məbləğlə başlamaq da mümkündür.

3. Yığımı avtomatlaşdır

Pul toplamağın çətin tərəflərindən biri hər ay yığım etmək qərarını yenidən verməkdir. Bəzi aylarda insan daha çox xərcləyir, bəzən isə yığımı növbəti aya saxlayır.

Bu problemi azaltmaq üçün bank hesabından ayrıca yığım hesabına avtomatik köçürmə təyin etmək mümkündür. Beləliklə, maaş daxil olduqdan sonra əvvəlcədən müəyyən edilmiş məbləğ avtomatik ayrılır.

ABŞ-ın İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu (CFPB) da avtomatik köçürmələri yığım vərdişini davamlı saxlamağın ən əlverişli üsullarından biri kimi təqdim edir.

4. Kiçik xərclərin ümumi dəyərini hesabla

Gündəlik həyatda əhəmiyyətsiz görünən xərclər ayın sonunda kifayət qədər böyük məbləğə çevrilə bilər.

Məsələn, insan hər gün 3 manatlıq əlavə alış-veriş edirsə, bu, ayda təxminən 90, ildə isə 1 095 manat deməkdir. Əgər həmin xərclərin bir hissəsini azaltmaq və yığıma yönəltmək mümkündürsə, uzun müddətdə ciddi fərq yaranar.

Bu, bütün kiçik xərclərdən imtina etmək demək deyil. Əsas məqsəd insanın həqiqətən ehtiyac duymadığı və vərdişə çevrilmiş alışları müəyyənləşdirməsidir.

5. Mürəkkəb faizdən yararlan

Kiçik yığımların zamanla böyüməsində mürəkkəb faizin xüsusi rolu var. Bu mexanizm zamanı əldə olunan faiz gəliri də əsas məbləğə əlavə olunur və sonrakı dövrlərdə həmin məbləğ də gəlir gətirir.

Məsələn, hər ay 50 manat yığıldığını və vəsaitin illik 5 faiz gəlirlə artırıldığını fərz edək. Faizlərin aylıq hesablandığı və hər ayın sonunda vəsait əlavə edildiyi halda, 10 ilin sonunda təxminən 7 764 manat toplamaq mümkündür. Halbuki həmin müddətdə şəxsin özünün yatırdığı məbləğ cəmi 6 000 manatdır. Təxminən 1 764 manat isə faiz gəlirinin hesabına yaranır.

Bu, yalnız izahlı hesablamadır. Faktiki nəticə faiz dərəcəsindən, vergi və komissiyalardan, eləcə də vəsaitin yerləşdirildiyi maliyyə məhsulunun şərtlərindən asılıdır.

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) Investor.gov platformasında da mürəkkəb faizin uzun müddət ərzində kiçik yığımları necə böyüdə biləcəyi nümunələrlə izah olunur.

6. Yığım üçün konkret məqsəd müəyyənləşdir

Sadəcə pul toplamaq qərarı bəzən uzun müddət davamlı olmur. Çünki insan nə üçün yığım etdiyini bilmədikdə həmin vəsaiti gündəlik xərclərə yönəltməyə daha meyilli ola bilər.

Məsələn, məqsəd bir il ərzində 1 200 manat toplamaqdırsa, bunun üçün hər ay 100 manat ayırmaq kifayətdir. Məqsəd əvvəlcədən müəyyənləşdirildikdə böyük görünən məbləğ daha kiçik və idarəolunan hissələrə bölünür.

Maliyyə məqsədlərini qısamüddətli, ortamüddətli və uzunmüddətli olaraq ayırmaq da faydalıdır. Bu, hansı vəsaitin nə zaman lazım olacağını əvvəlcədən müəyyənləşdirməyə kömək edir.

7. Gözlənilməz gəlirlərin hamısını xərcləmə

Mükafat, əlavə işdən əldə olunan gəlir, hədiyyə və digər gözlənilməz daxilolmalar yığımı sürətləndirmək üçün fürsət yarada bilər.

Məsələn, insan aylıq gəlirindən 50 manat yığırsa, əlavə olaraq aldığı 300 manat mükafatın müəyyən hissəsini də kənara qoya bilər. Beləliklə, əvvəlcədən nəzərdə tutulmayan əlavə gəlir maliyyə ehtiyatının daha tez formalaşmasına kömək edər.

CFPB və FDIC də gözlənilməz və birdəfəlik daxilolmaların bir hissəsinin yığıma yönəldilməsini tövsiyə edir.

8. Ehtiyat fondunu ayrıca formalaşdır

Yığımın bütün məqsədi gələcəkdə böyük alış-veriş etmək və ya investisiya yatırmaq deyil. Gözlənilməz xərclər üçün ayrıca ehtiyat fondunun olması da maliyyə sabitliyi baxımından vacibdir.

Məsələn, işin itirilməsi, məişət avadanlığının sıradan çıxması və ya gözlənilməz təmir xərcləri insanı borc götürməyə məcbur edə bilər. Ehtiyat fondu belə vəziyyətlərdə maliyyə yükünü azaltmağa kömək edir.

FDIC gözlənilməz hallara qarşı ən azı altı aylıq yaşayış xərclərini qarşılaya biləcək ehtiyatın yaradılmasını tövsiyə edir. Bununla belə, bu məbləğ hər kəs üçün eyni olmamalıdır. İlk mərhələdə daha kiçik ehtiyat yaratmaq, sonradan isə onu artırmaq mümkündür.

9. Yığılan pulu inflyasiyadan qorumağı düşün

Pulun sadəcə kənara qoyulması onun alıcılıq qabiliyyətinin dəyişməyəcəyi demək deyil. İnflyasiya nəticəsində eyni məbləğlə gələcəkdə daha az məhsul və xidmət almaq mümkün ola bilər.

Bu səbəbdən yığımın hansı formada saxlanılması da əhəmiyyətlidir. Qısamüddətli ehtiyaclar üçün əlçatan və aşağı riskli hesablar uyğun ola bilər. Daha uzunmüddətli maliyyə məqsədlərində isə riskləri başa düşməklə depozit və digər investisiya alətlərini nəzərdən keçirmək mümkündür.

Burada əsas məsələ yüksək gəlir vədi ilə riskli investisiyalara tələsməmək, vəsaitin nə zaman lazım olacağını və mümkün itkiləri əvvəlcədən qiymətləndirməkdir.

10. Gəlirin artdıqca yığım məbləğini də artır

Yığım vərdişinin uzunmüddətli nəticə verməsi üçün gəlirin artması ilə yığım məbləğinin də artırılması faydalıdır.

Məsələn, əvvəlcə hər ay 50 manat ayıran şəxs gəliri artdıqdan sonra bu məbləği 70 və ya 100 manata yüksəldə bilər. Beləliklə, həyat səviyyəsini qorumaqla yanaşı, gələcək üçün toplanan kapitalı da artırmaq mümkündür. Bu yanaşma xüsusilə maaş artımı və əlavə gəlir mənbələri yarandıqda əhəmiyyət qazanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью