Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnvestisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlar tərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraq səmərəlilik və effektivlik prinsipləri əsasında tərtib ediləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiqlənən “Dövlət İnvestisiya Proqramının tərtib və qiymətləndirilməsinin yeni qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, investisiya layihələri dəyərinə görə aşağıdakı kimi təsnifləşdirilir: - kiçik investisiya layihələri – dəyəri 30,0 milyon manata qədər olan investisiya layihələri; - orta investisiya layihələri – dəyəri 30,0 milyon manatdan 50,0 milyon manata qədər olan investisiya layihələri; - iri investisiya layihələri – dəyəri 50,0 milyon manatdan çox olan investisiya layihələri.
İnvestisiya layihələrinin qiymətləndirilməsi layihə konsepsiyası, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması mərhələləri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
Sifarişçi təşkilatlar hər bir yeni investisiya layihəsi üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq layihə konsepsiya sənədini cari il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
Sifarişçi təşkilatın təqdim etdiyi layihə konsepsiya sənədi İqtisadiyyat Nazirliyi tərəfindən 60 (altmış) iş günü müddətində qiymətləndirilir və qiymətləndirmə nəticəsində sifarişçi təşkilata kiçik və orta investisiya layihələri üzrə yekun rəy, iri investisiya layihələri üzrə isə ilkin rəy təqdim edilir.
Qiymətləndirmə bu Qaydalarda qeyd olunan məlumatlar əsasında aparılır.