Kiçik Qafqazda təbii fəlakətlər qiymətləndirilir

30.01.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Kiçik Qafqazda insan fəaliyyəti nəticəsində yaranan geomorfoloji təhlükələr araşdırılır.

Bu barədə AZƏRTAC-a məlumat verən Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazər bildirib ki, aparılan tədqiqatlar regionun təbii ekosistemlərinin qorunması və dayanıqlı inkişafı üçün vacibdir. Tədqiqat zamanı coğrafi məlumatlar toplanır, təhlil olunur. Nəticələr ümumi göstəricilər şəklində təqdim edilir. Əsas məqsəd potensial təhlükə və risklərin qiymətləndirilməsidir. Bu yanaşma Kiçik Qafqazın şimal-şərq yamacında ekoloji vəziyyətin və geomorfoloji şəraitin qiymətləndirilməsində istifadə olunur. Relyeflə təsərrüfat fəaliyyəti arasındakı əlaqə isə dağ-mədən işləri ilə bağlı təhlükələrin təhlili və bu fəaliyyətin təbii relyefə təsirinin qiymətləndirilməsi istiqamətində araşdırılır.

“Tədqiqatda təbii relyef və geomorfoloji proseslər əhali və dağ-mədən fəaliyyəti üçün təhlükə mənbələri kimi qiymətləndirilir. Faydalı qazıntıların hasil edildiyi ərazilərdə sürüşmə, uçqun, sel və eroziya kimi risklər araşdırılır. Bu risklər əsasən torpağın zəifləməsi, güclü yağışlar və seysmik təsirlər nəticəsində yaranır. Zədələnmiş torpaqlar üçün ekoloji-geomorfoloji təhlükə göstəricisi yataqların ekoloji təsirini daha dəqiq qiymətləndirməyə imkan verir. Hesablama zamanı torpaq sahəsi, maddələrin daşınması, təhlükə dərəcəsi, xammal növü, yataqların mövqeyi, relyefin dəyişmə səviyyəsi və çöküntülərin tərkibi nəzərə alınır”,-deyə alım bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью