Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında “Benfika”ya məğlubiyyətdən sonra komandanın çıxışını sərt tənqid edib və problemin nə taktika, nə də keyfiyyətlə bağlı olmadığını bildirib.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu məğlubiyyətin əsas səbəbinin meydandakı mübarizə ruhu olduğunu deyib.
“Biz dəhşətli oynadıq. İlk səkkizliyin kənarında qalmağa layiqik . Bu gün məsələ taktika və ya keyfiyyət deyildi. Söhbət rəqibdən daha çox mübarizə aparmaqdan gedirdi. Mən “Benfika”nın canı ilə oynadığını gördüm, amma bunu bizdən görmədim”, - deyə hücumçu vurğulayıb.
O, komandanın qeyri-sabit çıxışından ciddi narazılığını da gizlətməyib:
“Biz belə qeyri-sabit oynamağa davam edə bilmərik. Bir gün var, bir gün yox prinsipi ilə irəliləmək olmaz. Çempionlar belə davranmır. Pley-off mərhələsinə qalmaq çox ağrılıdır. “Benfika”nın dördüncü qolu bizim üçün heç nəyi dəyişmədi, sadəcə biabırçı vəziyyətimizi daha da ağırlaşdırdı”.
Mbappe sonda azarkeşlərə mesaj verib:
“Bu həftəsonu bizi yenə fitə basacaqlarmı? Ümid edirəm ki, “Bernabeu” bizim tərəfimizdə olacaq və bizi dəstəkləyəcək”.