Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda dünyanın ən qiymətli bitkilərindən sayılan zəfəranın çiçəkləmə dövrü başlayıb. Bir kiloqramı 800 min Türkiyə lirəsinə satılan zəfəranın ilk günündə 15 çiçək açıb.
Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hər il avqust ayında əkilməsinə başlanılan zəfəran oktyabr-noyabr aylarında bənövşəyi rəngli, xoş ətirli çiçəklər açır. Hündürlüyü 15-30 santimetr olan bitki rayonda 51 fermer tərəfindən təxminən 110 dekar ərazidə yetişdirilir.
Boyaq, kulinariya, kosmetika, dərman və qida sənayesində istifadə olunan zəfəranın bu il 55 kiloqram məhsul verməsi hədəflənir. Çiçəkləri toplanan bitkinin bir kiloqramının 800 min lirəyə satılması nəzərdə tutulur.
Zəfəranın cəmi yarım kiloqramını əldə etmək üçün təxminən 80 min çiçək tələb olunur. Bitki öz çəkisindən 100 min dəfə çox mayeni sarı rəngə boyamaq qabiliyyətinə malikdir.
“Bütün qonaqlarımızı zəfəran tarlalarına gözləyirik”
Yuxarıçiftlik kəndinin Keten məhəlləsində zəfəran yetişdirən İsmayıl Yılmaz bildirib ki, bitki ötən gündən etibarən çiçəkləməyə başlayıb.
Onun sözlərinə görə, noyabrın 1-dən 4-dək X Beynəlxalq Zəfəran Məhsulu Festivalı keçiriləcək.
“Dörd günlük beynəlxalq festival təşkil olunacaq. Bütün qonaqlarımızı tarlalarımıza gözləyirik”, – deyə Yılmaz bildirib.
“Bu nadir bitkini təbii mühitində görə bilərsiniz”
Zəfəran təsərrüfatının rəhbəri, aqronom Mine Yılmaz bütün istehsalçılara bol məhsullu mövsüm arzulayıb.
O, ilk çiçəklərin ötən gün açdığını qeyd edərək bildirib:
“Çox həyəcanlıyıq. İlk gündə birdən-birə 15 çiçəyimiz açdı. Bundan sonra onların sayı gündən-günə artacaq. Məhsul yığımı 40-45 gün davam edəcək. Təsərrüfatımız həftənin yeddi günü ziyarətçilər üçün açıqdır. Bu nadir bitkini təbii mühitində görə bilərsiniz”.
Mine Yılmaz təxminən 20 dekar ərazidə zəfəran yetişdirdiklərini bildirib. Onun sözlərinə görə, bəzi sahələrdə əkinin üçüncü ilidir və həmin ərazilərdən daha yüksək məhsuldarlıq gözlənilir.
Aqronom oktyabrın sonlarına doğru tarlalarda çiçəklərin daha sıx olacağını vurğulayıb və ziyarətçiləri həmin günlərdə təsərrüfata dəvət edib.
“45 gün ərzində burada olacağıq. Hər gün çiçəkləri toplamağa davam edəcəyik”, – deyə o əlavə edib.