Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Pxenyan buna risk etməz, bu, blefdir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Şimali Koreyanın Rusiyaya Ukrayna müharibəsində kömək üçün daha 100 minlik ordu göndərə biləcəyi barədə yayılan məlumatı şərh edərkən deyib.
"Pxenyan blef edir. Rusiyaya göndərdiyi əsgərlər arasında ciddi itkilərin olması Şimali Koreya rəhbərliyini ciddi düşündürməyə vadar edib.
Ona görə də düşünmürəm ki, Kim Çen In Rusiyaya göndərdiyi əsgərlərinin sayını 100 minə qədər artırmağa risk etsin.
O, ağramayan başını ağrıtmayacaq. Düzdür, o ordusuna müharibəyə tam hazır olmaqla bağlı göstəriş verib.
Ətrafında yaşanan gərginlik onu belə addım atmağa vadar edir.
Bu səbəbdən də onun bundan sonra Rusiyaya daha 100 minlik əsgər göndərəcəyini zənn etmirəm.
Digər tərəfdən, ABŞ başda olmaqla Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi fonunda Pxenyan da böyük ehtimalla bu fikrindən daşınacaq", deyə Üzeyir Cəfərov bildirib.