Kim daha qədimdir, kim üstündür və tarix kimə məxsusdur? KONKRET

23.10.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna prezidentlərinin kimin daha əvvəl meydana gəldiyi, kimin tarixinin daha qədim olduğu, ruslarla ukraynalıların bir xalq, yoxsa iki ayrı xalq olması barədə açıqlamalarını oxuyuram.

2026-cı il oktyabrın 22-də Vladimir Putin bəyan edib ki, bu ərazi “tarixi Rusiyanın torpaqlarıdır” və ruslarla ukraynalılar “bir xalqdır”.

Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Stiven Bartletə müsahibəsində deyib:

“Ukrayna Kiyev Rusunun varisidir. Bu, Avropada yaxşı tanınan, inkişaf etmiş sivilizasiyaya, öz incəsənətinə və ənənələrinə malik böyük dövlət olub. O vaxt Rusiya hələ heç mövcud deyildi. Rusiya Ukrayna mövcud olduqdan sonra meydana gəlib”.

Bir-biri ilə müharibə aparan iki ölkənin prezidentləri bu gün yüzilliklərə, hətta minilliklərə söykənən tarixə müraciət edir və hər biri öz mövqeyini əsaslandırmaq üçün yalnız ona sərf edən faktları önə çəkir.

Amma mən bir sual üzərində düşünürəm: doğrudanmı dövlətin yaşı onun torpaq üzərində daha çox hüquqa malik olduğunu və bu gün həmin ərazidə yaşayan insanların taleyini müəyyənləşdirmək haqqı qazandığını göstərir?

Tarixin dərinliklərinə baş vursaq, dünya xəritəsini sonsuzadək yenidən cızmaq olar. Krım dəfələrlə bir hakimiyyətdən digərinə keçib. Finlandiya əvvəlcə İsveçin, daha sonra Rusiya imperiyasının tərkibində olub. Polşa qonşu dövlətlər arasında bölüşdürülüb. Avropada etnik və tarixi arqumentlərə əsaslanan ərazi iddiaları isə artıq fəlakətli nəticələrə gətirib çıxarıb. Bunun üçün 1938-ci ildə tarixi ərazilərin bölüşdürülməsini və az sonra İkinci Dünya müharibəsinin başlamasını xatırlamaq kifayətdir.

Bəs tarixin hansı səhifəsində dayanmalıyıq? Hansı tarixi seçməliyik? Məhz bugünkü mübahisədə kimin maraqlarına uyğundursa, onu?

Hər bir ərazinin mürəkkəb keçmişi, hər bir xalqın öz əcdadları, hər bir dövlətin isə hadisələrə öz baxışı var. Tarixdən yalnız öz haqlılığını sübut etmək üçün istifadə etsək, bu mübahisə heç vaxt bitməyəcək.

Həyat yoldaşım yarı ukraynalı, yarı rusdur. Mən özüm isə yalnız doğum haqqında şəhadətnaməmə görə rusam. Bir qədər dərinə getsək, orada belaruslar, polyaklar, yəhudilər və kim bilir, daha kimlər var.

Bəs indi nə etməliyəm? Mənşəyimin hansı hissəsini əsas hesab etməliyəm? Kiminsə siyasi dünyagörüşünə uyğun gəlmək üçün hansı əcdadlarımdan imtina etməliyəm?

Tanışlarım arasında bu müharibənin hər iki tərəfində olan insanlar var. Buna görə də mənim üçün söhbət sərhədlər və qədim salnamələr haqqında mücərrəd mübahisədən getmir. Söhbət real insanlardan, ailələrdən, yaxınlarımdan, öz həyatları, planları və gələcəkləri olan insanlardan gedir.

Siyasətçilərin kimin tarixən kimə məxsus olduğunu müzakirə etməsi mənə qəribə gəlir. Sanki söhbət daşınmaz əmlakdan gedir və kiminsə əlindəki köhnə sənədi göstərməsi kifayətdir ki, həmin ərazi üzərində mülkiyyət hüququ qazansın.

Ortaq köklər kiməsə tabe olmaq demək deyil. Qohumluq mülkiyyət hüququ yaratmır. Dövlətin qədimliyi də onun vətəndaşlarının həyatını qonşu ölkənin insanlarının həyatından daha dəyərli etmir.

Kiyev Rusunun tarixini necə şərh etmək, Ukrayna dövlətçiliyinin nə vaxt formalaşması və sərhədlərin zamanla necə dəyişməsi barədə mübahisə etmək olar. Bu məsələlər ciddi tarixi araşdırmaya və müzakirəyə layiqdir. Amma keçmişin heç bir şərhi bu gün baş verən dağıntılara və insan ölümlərinə öz-özlüyündə haqq qazandıra bilməz.

Bütün bunların ən absurd tərəfi isə odur ki, real insanlar milli etiketlərdən qat-qat mürəkkəbdir. Mənim ailəm bunun bariz nümunəsidir. Mən başqa bir kimliyə sahib olduğumu sübut etmək üçün mənşəyimin bir hissəsindən imtina etməyə məcbur deyiləm. Həyat yoldaşım da ailəsinin rus və ukraynalı qollarından biri arasında seçim etməli deyil.

Hər kəs keçmişdən yalnız öz haqlılığını sübut etmək üçün istifadə etsə, kimin nəyə sahib olması barədə mübahisələrimiz heç vaxt bitməyəcək.

Amma bu mübahisələr ölənləri diriltməyəcək, dağıdılmış evləri bərpa etməyəcək, başqasının ağrısını da azaltmayacaq.

İstərdim ki, siyasətçilər nəhayət, kimin tarixinin daha qədim olduğunu deyil, insanların həyatını necə qorumağın və onlara gələcək bəxş etməyin yollarını düşünsünlər.

Çünki keçmişimiz hər birimizin fərqlidir. Amma həyatımız birdir.

Müəllif: İqor Komissarov
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью