Kimdə nə yoxdursa, ondan danışır Vüsalə Əmiraslanova

06.02.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son zamanlar müşahidə olunan məsələlərdən biri insanların başqalarının həyatına müdaxilə etməyə meyilli olmasıdır. Kimsə bir iş görürsə, tez onun müzakirə mövzusuna çevrilib tənqid olunur.

Bəs niyə insanlar başqalarının həyatı ilə bu qədər maraqlanırlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, psixologiya elmi çox dərin bir elmdir və insan psixikasını hələ də araşdıran alimlər var:

"Yəni araşdırmalar hələ də davam edir. Baxmayaraq ki, psixologiya elmi çoxdan mövcuddur və hər kəsə məlumdur, bununla bağlı yenə də çoxsaylı tədqiqatlar aparılır. Maraqlıdır ki, son vaxtlar bəzi insanların digərlərinin həyatına daha çox qarışdığını müşahidə edirik. Burada əslində səbəb təkcə bir insanın başqa bir insanın həyatına müdaxilə etməsi deyil, eyni zamanda insanların özlərinin də müzakirəyə səbəb olacaq paylaşımlar etməsi və yaxud özləri haqqında məlumatları açıq şəkildə sosial şəbəkələrdə paylaşmalarıdır. Bu isə bəzi insanlarda müəyyən qıcıq yaradır və nəticədə müzakirələrə səbəb olur. Əslində mən bir psixoloq olaraq həmişə deyirəm ki, kimdə nə yoxdursa, ondan danışır. Yəni bu nə deməkdir? Bir insan başqa bir insanın hansısa xüsusiyyətini müzakirə edirsə, o, həmin mövzunun özündə də olmasını şüuraltı şəkildə istəyir, yaxud bu xüsusiyyət onda olub, amma istədiyi kimi alınmayıb və ya ümumiyyətlə, sual yaranır: niyə başqasının həyatı onu bu qədər maraqlandırır? Bəzən görürük ki, insanlar bir-birinə sataşırlar. Bu hal davamlı şəkildə bir-birinin həyatına qarışmağa gətirib çıxara bilir. Amma əgər mənim qarşı tərəflə heç bir əlaqəm yoxdursa və o, mənim həyatımın hər detalına qarışırsa, hər etdiyim onun üçün maraqlıdırsa, bu, artıq insanın həyatında marağının və motivasiyasının olmamasının göstəricisidir. Bundan əlavə, bu hal insanın psixi durumunda da problemlərin ola biləcəyinə işarə edir".

Müsahibimiz qeyd etdi ki, bəzən obsesiv-kompulsiv pozuntudan əziyyət çəkən insanlar olur ki, onlar saplantılı olurlar:

"Yəni müəyyən bir insana fokuslanırlar və yalnız onun həyatı ilə maraqlanırlar. Onun nə düşündüyü, nə yediyi, nə içdiyi onlar üçün maraqlı olur. Deyə bilmərik ki, onu öz həyatlarında təkrarlayırlar, amma sadəcə olaraq həmin insanın həyatı onların diqqət mərkəzində olur. Mən düşünürəm ki, burada psixi problemlər də öz rolunu oynayır, təkcə psixoloji amillər deyil. Ona görə də bu cür halları araşdırarkən mütləq şəkildə həmin insanın ailə həyatı, ailədaxili münasibətləri, iş həyatı və ümumi psixi durumu nəzərə alınmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью