Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 fevral, AZƏRTAC
“Who Are the Guilty?” adlı hesabat Hindistanın iki nüfuzlu insan haqları təşkilatı – Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People's Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People's Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.
Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb. Hesabatın əsas məqsədi 1984-cü il oktyabrın 31-də paytaxt Dehli və ətraf ərazilərində siqh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.
Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtarıb sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində işləyən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, rəsmi açıqlamalardan fərqli olaraq, baş verən zorakılıqların hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırıldığı və təşkil olunduğu sübuta yetirilsin.
Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu bildirir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi baş verib. Zorakılığın sosial və iqtisadi nəticələri də genişmiqyaslı olub. Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 min nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 mindən çox şəxs evsiz qalıb və köçkün vəziyyətinə düşüb. Minlərlə insan öldürülüb, çoxsaylı şəxslər isə ağır bədən xəsarətləri alıblar. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıb, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirib, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşiblər.
Hesabata əsasən, 20–50 yaşarası gənc siqh kişiləri evlərindən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetiriliblər. Eyni zamanda, geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib ki, bunlardan 14–50 yaşarası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.
Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, siqhlərə qarşı törədilmiş qanlı hadisələrə görə məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.
Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” (organized carnage) kimi xarakterizə olunub və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.
Qeyd edək ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən siqh icmalarının nümayəndələri Hindistan hökumətindən qeyd olunan təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb ediblər.