Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Formula-1” üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran-prisi “Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonellinin qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, Lusail avtodromunda keçirilən yarışın təsnifat mərhələsinin qalibi olan britaniyalı Corc Rassel mübarizənin ilk yarısında liderliyini qoruyub. Lakin bolidinə ilişən yad cismin yaratdığı zədə səbəbindən ikinci pit-stop zamanı mövqeyini itirib.
Yarışın 57 dövrəsini 1 saat 23 dəqiqə 58,209 saniyəyə tamamlayan Antonelli komanda yoldaşını 31,476 saniyə qabaqlayıb. “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri isə üçüncü yeri tutub.
Daha əvvəl dünya çempionluğunu təmin edən Antonelli xallarının sayını 427-yə çatdırıb. Qətər Qran-prisində dördüncü yeri tutan dördqat dünya çempionu Maks Ferstappen isə 316 xalla mövsümü ikinci pillədə başa vuracağını rəsmiləşdirib.
Çempionatın üçüncü pilləsi uğrunda mübarizə son mərhələyədək davam edəcək. Britaniyalı pilotlar Corc Rassel (282), Lyuis Hemilton (275) və Lando Norrisi (274) cəmi səkkiz xal ayırır.
Mühəndislər Kubokunda isə “Mercedes” (709 xal) və “Ferrari” (531 xal) müvafiq olaraq birinci və ikinci yerləri təmin ediblər. Üçüncü pillə uğrunda mübarizə aparan “Red Bull” və “Maklaren”in aktivində 456 xal var.
Qeyd edək ki, dünya çempionatının sonuncu - 23-cü mərhələsi dekabrın 4-6-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Əbu-Dabi Qran-prisinə “Yas Marina” avtodromu ev sahibliyi edəcək.