Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Onlar Azərbaycan səhnəsinin ən gənc “Leyli və Məcnun”udur.
22 yaşlı Toğrul və 24 yaşlı Fidan… Yaşlarına baxmayaraq, bu iki obraz böyük sevgi, iztirab və fəlsəfi dərinliyi səhnədə inandırıcı şəkildə yaşatmağı bacarırlar.
“Qafqazinfo” olaraq gənc ifaçılarla görüşdük, Leyli və ya Məcnun olmağın məsuliyyəti, incəsənət sahəsinin pərdəarxası, eyni zamanda gənclərin çətinlikləri barədə söhbətləşdik.
Sabirabadın Bəlvar kəndindən olan Toğrul Abıyev hazırda Mədəniyyət və İncəsənət Universitetinin Xanəndəlik (Vokal sənəti) ixtisası üzrə IV kurs tələbəsidir.
Dörduşaqlı ailədə böyüyən Toğrul üçün musiqi erkən yaşlardan həyatın ayrılmaz hissəsinə çevrilib.
Fidan Süleymanzadə isə Mədəniyyət və İncəsənət Universitetinin magistratura pilləsinin I kursunda təhsil alır.
O, musiqiçi ailəsində dünyaya gəlib və sənətin sirlərinə hələ uşaqlıq illərindən yiyələnməyə başlayıb.
Qəhrəmanlarımızı birləşdirən təkcə “Leyli və Məcnun” obrazları deyil, həm də klassik Azərbaycan musiqisinə olan dərin sevgi və səhnəyə gətirdikləri gənc, saf nəfəsdir.