Kimlər ürək damar xəstəlikləri baxımından daha risk altındadır? ARAŞDIRMA

30.01.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gec saatlarda daha aktiv olan, yəni əksər insanların artıq yatdığı vaxtlarda oyaq qalan şəxslərin ürək-damar sağlamlığı göstəriciləri orta hesabla daha zəif olur. Bu qənaətə ABŞ-nin Brigham və Qadınlar Xəstəxanası ilə Harvard Tibb Məktəbinin alimləri gəlib. Onlar 300 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, “sova” olmaq hökm deyil. Əsas problem insanın daxili bioloji saatı ilə cəmiyyətin müəyyən etdiyi gündəlik həyat ritmi arasındakı uyğunsuzluqdur. Alimlərin fikrincə, məhz bu “xrono-disbalans” ürək üçün faydalı vərdişlərə əməl etməyi çətinləşdirir.

Qeyd edək ki, ürək-damar xəstəlikləri ABŞ-də və bir çox digər ölkələrdə ölüm səbəbləri arasında ilk yerdədir. Amerika Kardiologiya Assosiasiyası ürək sağlamlığına təsir edən səkkiz əsas amili göstərir: fiziki aktivlik, siqaretdən imtina, keyfiyyətli yuxu, sağlam qidalanma, çəkinin, arterial təzyiqin, qan şəkərinin və xolesterinin nəzarətdə saxlanılması.

Tədqiqatçılar “sovalar”da riskin artmasını sirkadiyalı ritmlərlə, yəni yuxu-oyanıqlıq rejimini, ürək-damar sisteminin fəaliyyətini, maddələr mübadiləsini, stress hormonlarının səviyyəsini və qan təzyiqini tənzimləyən daxili bioloji saatlarla əlaqələndirirlər. Bu ritmlər hər insanda fərqli olsa da, iş, təhsil və səhiyyə sistemi əsasən “erkən duranlara” uyğun qurulub.

Araşdırma çərçivəsində dünyanın ən böyük biotibbi bazalarından biri olan UK Biobank-ın məlumatlarından istifadə olunub. İştirakçıların təxminən 8 faizi özünü “sova”, dörddə biri isə “erkən duran” kimi qiymətləndirib. Digərləri aralıq qrupa daxil olub.

Orta hesabla 14 il davam edən müşahidə zamanı məlum olub ki, axşam tipli xronotipi olan şəxslərdə ilk infarkt və ya insult riski orta rejimli insanlarla müqayisədə 16 faiz daha yüksəkdir. Həmçinin “sovalar”, xüsusən də qadınlar arasında ürək-damar sağlamlığının ümumi indeksində mənfi göstəricilər daha çox qeydə alınıb.

Araşdırmanın rəhbəri Sina Kianersi bildirib ki, riskləri azaltmağın yolu insanın bioloji xüsusiyyətlərini dəyişmək deyil, həyat tərzini onlara uyğunlaşdırmaqdır. Onun sözlərinə görə, daha çevik iş qrafikləri, yuxu rejiminə diqqət, müntəzəm fiziki aktivlik və risk faktorlarına nəzarət gec aktiv olan insanların ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью