Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda mayın 17-22-də Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF 13) həsr olunmuş maarifləndirici seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Seminarda çıxış edən kimya üzrə fəlsəfə doktoru Aida Yusifova bildirib ki 2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Belə ki, Azərbaycan paytaxtında BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək: “Bildiyimiz kimi məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Ona görə də, bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir”.
Məruzəçi bildirib ki, Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, bu il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır.
Seminarda o da diqqətə çatdırılıb ki, bundan əvvəl baş tutan forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar edilib.