Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin izi: Qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən institutun direktoru professor Əfsun Sucayev noyabr ayının Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü kimi əlamətdar tarixlərin qeyd olunduğu noyabr ayı 2020-ci ildən etibarən həm də Zəfər Günü ilə yadda qalır. Direktor 8 Noyabrın Azərbaycan xalqının birlik və mübarizə əzminin təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, bu Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyub və tarixi ədalətin bərpası ilə nəticələnib.
Daha sonra institutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova çıxış edərək Zəfər Gününün xalqımızın tarixi yaddaşında xüsusi yer tutduğunu bildirib. Sevinc Həsənova bu gün alimlərin və tədqiqatçıların da öz fəaliyyətləri ilə ölkənin inkişafına xidmət etdiklərini diqqətə çatdırıb.
İnstitutun sabiq əməkdaşı, şəhid Manaf Manafovun bacısı Mina Manaflı çıxışında şəhidlərin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. Kiçik elmi işçi, şəhid İsgəndər Müseyiblinin bacısı Könül Müseyibli çıxışında Birinci Qarabağ müharibəsi dövründə xalqımızın üzləşdiyi haqsızlıqlardan və torpaqlarımızın işğalından danışıb. Qeyd olunub ki, iki övlad atası olan İsgəndər Müseyibli 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri zamanı Xankəndi-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ardınca Azərbaycanın Zəfər tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə institut əməkdaşları Vətən müharibəsi dövründə Azərbaycan hərbçilərinin göstərdikləri qəhrəmanlıqlardan, onların şəxsi həyat hekayələrindən və cəmiyyət üçün nümunə olan fədakarlıqlarından danışıblar.