Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

13.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Biomimetik katalizatorlar və sensorlar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Nuranə Məlikova və laboratoriyanın elmi işçisi doktorant Gülşən Nəhmətova Çexiyanın Praqa şəhərində hibrid formatda keçirilən “Kimya sahəsində nailiyyətlərə dair III Beynəlxalq Doktorantlar Konfransı”nda (IDCAC 2026) iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Konfrans çərçivəsində institutda aparılan elmi tədqiqatların nəticələri beynəlxalq elmi ictimaiyyətə təqdim olunub. Gülşən Nəhmətova konfransda biomimetik katalizatorların iştirakı ilə metanın hidrogen peroksidlə birbaşa oksidləşməsi, metanol və dimetil efirin alınması, həmçinin prosesin mexanizmi və kinetik qanunauyğunluqlarının öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Səfər çərçivəsində Nuranə Məlikova Praqa Kimya-Texnologiya Universitetində akademik əlaqələrin inkişafı istiqamətində görüşlər keçirib. İnstitutun hər iki əməkdaşı universitetin elmi-tədqiqat infrastrukturu və laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Analitik kimya və fiziki-kimyəvi analiz laboratoriyalarında aparılan tədqiqatlar, tətbiq olunan metodlar və müasir avadanlıqlar barədə məlumat əldə ediblər. Bundan əlavə, institutun əməkdaşları 1,5 milyondan çox ədəbiyyat nümunəsinin saxlanıldığı Çexiya Milli Texniki Kitabxanasının (NTK) fəaliyyəti ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью