Kino Günü münasibətilə aydın səma altında xüsusi kino axşamı keçirildi

04.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi (ARKA) və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının dəstəyi ilə Azərbaycan Kinosu Günü münasibətilə aydın səma altında xüsusi kino axşamı keçirildi. 

Proqram “Atəş Hub” yaradıcı platforması və “Yaradıcı Azərbaycan” layihəsinin rezidenti “Torpağın Səsi” komandası tərəfindən hazırlanmışdı. 

“Azərbaycanfilm” Kinostudiyasına onlayn qeydiyyat əsasında gələn 400-dən artıq tamaşaçıya təqdim olunan tura kino çəkilişi prosesini real izləmək imkanı, filmlərimizin çəkildiyi ayrı-ayrı otaqlar, pavilyonlar, filmlərdə istifadə olunan müxtəlif dövrlərə aid silah növləri, rekvizitlərin saxlanıldığı otaqlar, eləcə də həkim, yataqxana otaqlarının, kitabxanaların və s. əyani nümayişi daxil idi. “Atəş Pub” yaradıcı platformasını təmsil edən rəssam Bəxtiyar Zeydzadənin “Azərbaycanfilm” kinostudiyası üçün Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın mentorluğu ilə yaratdığı xüsusi divar rəsmi də təqdim olundu. 

Ekskursiya kinostudiyanın həyətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyi (ARKA) və “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal olunan “Daşlara həkk olunan tale: Əcəmi Naxçivani” tammetrajlı bədii filminin canlı çəkiliş prosesindən bəzi hissələrin izlənilməsi ilə davam etdirildi. 

Daha sonra proqrama uyğun olaraq açıq səma altında əvvəlcə “Bəyin oğurlanması” filmi nümayiş olundu, DJ performansı təqdim edildi. 

Axşam “Gün keçdi” filminin əsas qəhrəmanlarından olan Xalq artisti Leyla Şıxlinskayanın tamaşaçılarla qısa görüşü və filmin nümayişi ilə başa çatdı.     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью