Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kiprə oğlumu görməyə getmişdim, Azərbaycana yeni qayıtmışam. Orada övladımın saxlanma şəraiti ilə tanış oldum. Onun və digər iki azərbaycanlının vəziyyəti normaldır. Vaxtında qidalanırlar, yatırlar”.
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində saxlanılan azərbaycanlı dənizçi Rəşad İbrahimovun atası Şəmsi İbrahimov deyib. O, oğlunun hazırkı vəziyyəti və istintaqın gedişi barədə məlumat verib.
Ş.İbrahimovun sözlərinə görə, məhkəmə araşdırmasının 90 gün davam edəcəyi bildirilib:
“Mənə orada bildirdilər ki, məhkəmə araşdırması 90 gün davam edəcək. Ondan sonra isə işə apellyasiya məhkəməsində baxılacaq. Təxminən dekabrın 2-də araşdırma bitəcək. Bundan əvvəl gəminin çürümə səbəbindən batdığını bildirirdilər. İndi isə gəminin yad bir cismə çırpıldığı deyilir. Buna görə də məsələlər bir qədər uzanır. Çalışırlar ki, araşdırma operativ qaydada başa çatsın. Övladım və digər azərbaycanlılar Girnə şəhərində müvəqqəti polis bölməsində saxlanılırlar. Oğlumla hər gün görüşdüm. Polis əməkdaşına Azərbaycandan gəldiyimi və oğlumu görmək istədiyimi bildirdim, o da icazə verdi. Şirkət rəhbərləri və vəkillərlə də görüşdüm. Dedilər ki, övladlarımızın məsul şəxslər olmadığını, baş verənlərdə onların təqsirinin olmadığını düşünürlər. Sadəcə, araşdırma başa çatmamış onları buraxa bilməzlər”.
Qeyd edək ki, Girnə Limanı ilə Türkiyənin Mersin şəhərindəki Taşucu Limanı arasında hərəkət edən “Filo Jet” yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb. Gəmi limana geri qayıtmağa çalışarkən batıb. Qəza nəticəsində 8 nəfər həyatını itirib.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov, eləcə də Şabran rayon sakini Qədir Quliyevdir.