Kir Starmer: London Pekin ilə münasibətlərdə yeni səhifə açmaq istəyir

29.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer cümə axşamı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq, ticarətin həcminin artırmaq və təhlükəsizliyi gücləndirmək istədiyini bildirib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Kir Starmer Çinə dördgünlük səfərinin ən vacib günündə Si Cinpin ilə 80 dəqiqəlik görüş keçirib. O, daha sonra Baş nazir Li Qianq ilə görüşəcək.

Mərkəz-solçu Leyborist Partiyası hökumətinin vəd etdiyi böyüməni təmin etməkdə çətinlik çəkən Starmer dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə münasibətlərin yaxşılaşdırılmasını prioritet olaraq təyin edib. Baş nazir görüş zamanı Çinin liderinə deyib: “Çin qlobal səhnədə vacib aktordur və əməkdaşlıq imkanlarını müəyyən edə biləcəyimiz, eyni zamanda fikir ayrılığımız olduğu sahələrdə mənalı dialoqa imkan verəcəyimiz daha mükəmməl bir münasibət qurmağımız vacibdir”.

Öz növbəsində, Si Cinpin bildirib ki, Britaniya ilə əlaqələr iki ölkənin maraqlarına xidmət etməyən ağır sınaqlardan keçib və Çin uzunmüddətli strateji tərəfdaşlığı inkişaf etdirməyə hazırdır. “Biz tarixin sınağına tab gətirə biləcək bir nəticə əldə edə bilərik”, - deyə Çin lideri vurğulayıb.

Kir Starmer ABŞ Prezidenti Donald Trampın Pekinə qarşı siyasi kursuna rəğmən Çinlə diplomatik danışıqlar aparan sonuncu Qərb lideridir. Trampın ticarət tarifləri ilə bağlı təhdidləri və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya nəzarəti ələ keçirmək vədləri Britaniya kimi uzun müddətdir müttəfiq olan ölkələri narahat edib. Starmerin səfəri ticarət maneələrini aradan qaldırmaq üçün Pekinlə iqtisadi müqavilə imzalayan və Trampın qəzəbinə səbəb olan Kanada Baş naziri Mark Karninin səfərindən dərhal sonra baş verir.

London Kral Kollecinin çinşünaslıq professoru Kerri Braun Britaniya ilə Çin arasında münasibətlərin necə yaxşılaşdığını göstərmək üçün bir sıra müqavilələrin elan ediləcəyini gözlədiyini bildirib. Belə ki, Starmeri səfər zamanı 50-dən çox biznes lideri müşayiət edir ki, bu da onun iqtisadi qələbələr axtardığına dair daha bir siqnaldır.

Starmer əvvəlki Mühafizəkar hökumətlər dövründə əlaqələrin pisləşməsindən sonra Çinlə yeni bir əməkdaşlıq üzrə siyasi kurs müəyyən edib. Həmin vaxt London milli təhlükəsizlik narahatlıqlarına görə Çinin bəzi investisiyalarını məhdudlaşdırmışdı və Honkonqda siyasi azadlıqlara qarşı basqılarla bağlı narahatlığını bildirmişdi. Baş nazir görüş əsnasında Çin liderinə bildirib: “On səkkiz ay əvvəl, hakimiyyətə gəldiyimiz vaxt Britaniyanı yeni xarici siyasət kursu seçəcəyinə söz vermişdim. Çünki xaricdəki hadisələr vətənimizdə baş verən hər şeyə, supermarket rəflərindəki qiymətlərə və özümüzü nə qədər təhlükəsiz hiss etməyimizə öz təsirini göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью