Kirayə ev axtaranları bahalı payız gözləyir

10.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son aylarda paytaxtda kirayə mənzil bazarında qiymətlər kəskin artıb.

Yeni tədris ilinin başlanması ilə tələbin daha da yüksəlməsi kirayə haqlarını rekord həddə çatdırıb.

Bəs qarşıdakı payız və qış aylarında qiymətlər artmağa davam edəcək, yoxsa bazarda sabitlik yaranacaq? 

“Cebheinfo.az”-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son 5 il ərzində paytaxtın daşınmaz əmlak bazarında ciddi qiymət artımları müşahidə olunur. 

O qeyd edib ki, əmlakların satış qiymətlərinin yüksəlməsi, təbii olaraq, kirayə mənzillərin qiymətlərinin də artmasına gətirib çıxarrır:

“Mövsümi olaraq sentyabr ayının əvvəlindən etibarən kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə edilir. Bunun əsas səbəblərindən biri hər il ali təhsil almaq məqsədilə bölgələrdən Bakıya axın edən minlərlə tələbənin ilk növbədə kirayə mənzil bazarına üz tutmasıdır.

Tələbatın artması isə kirayə mənzillərin qiymətlərinin yüksəlməsinə, eyni zamanda daşınmaz əmlak bazarında alqı-satqı proseslərinin müəyyən qədər sürətlənməsinə səbəb olur”.

O bildirib ki, Bakıda mənzil bazarında uzun müddətdir ki, durğunluq hökm sürür:

“Buna baxmayaraq, bazarda durğunluq müşahidə edilsə də, əmlak qiymətlərində nəzərəçarpacaq ucuzlaşma qeydə alınmır. Artıq çoxmənzilli yaşayış binalarına tələbat mövsümi olaraq başlayıb.

Yay aylarında tələbat fərdi yaşayış evlərinə və torpaq sahələrinə olsa da, sentyabr ayından başlayaraq növbəti ilin yay aylarına qədər çoxmənzilli binalara və digər əmlaklara tələbat artır.

Əmlakların satış qiymətinin artmasının əsas səbəblərindən biri də son illər ərzində satılan əmlakların böyük qisminin müxtəlif növ kreditli şərtlərlə satılması olub.

Hər hansı bir əmlak ipoteka və ya digər kredit şərtləri ilə satılırsa, həmin əmlakın yenidən əmlak bazarında satışa çıxarılması üçün uzun illər tələb olunur. Belə əmlaklar yalnız kredit öhdəliyi tam bağlandıqdan sonra yenidən satışa çıxarıla bilər.

O baxımdan, satılan əmlakların böyük qismi kreditli şərtlərlə alındığına görə kreditlə satılan əmlakların əmlak bazarına geridönüşü olmur.Bu səbəbdən satış bazarında bu tip, yəni ipoteka predmetinə çevrilən mənzillərə tələbat artır. Bu da özlüyündə qiymət artımına gətirib çıxarır”.

Ekspert vurğulayıb ki, paytaxt ərazisində aparılan söküntülər nəticəsində köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri mərhələli şəkildə sökülür:

“Bu proses paytaxtda mənzil sayının azalmasına gətirib çıxarır. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, paytaxtda mövcud olan köhnə çoxmənzilli yaşayış binalarının böyük bir hissəsinin, eləcə də fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin əksəriyyətinin sökülməsi gözlənilir.

Söküntü aparılan ərazilərdə yeni parklar, avtomobil yolları və müxtəlif infrastruktur obyektləri yaradılacaq. Həmin ərazilərdə yeni yaşayış binalarının tikilməməsi isə mənzil sayını daha da azaldaraq tələbatı artıracaq. 

Bu da öz növbəsində yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi şəkildə qiymət artımlarına səbəb olacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Kirayə ev Elnur Fərzəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью