“Kirayə fondu gənclər üçün prioritetdir”

29.01.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hazırda Azərbaycanda aztəminatlı gənclərin mənzil təminatı ilə bağlı üç əsas istiqamət üzrə dövlət proqramı icra olunur”.

Bunu deputat Vüqar Bayramov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətlərdən biri güzəştli ipoteka kreditləridir:
“Güzəştli ipoteka kreditləri 30 il müddətinə, illik 4 faiz dərəcəsi ilə təklif olunur və kreditin maksimal məbləği 100 min manatdır. Bu mexanizm gənclərin mənzilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
İkinci istiqamət kirayə mənzil fondudur və bu proqram Dövlət İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilir.
Kirayə mənzil fondu çərçivəsində vətəndaşlar mənzili kirayə götürərək aylıq ödənişlər edir və müəyyən müddətdən sonra həmin mənzilə sahib olurlar. Bu mexanizm əsasən gənc ailələr üçün nəzərdə tutulub və onların həm kirayə, həm də mənzil probleminin mərhələli şəkildə həllinə imkan yaradır. Üçüncü istiqamət sosial mənzillərlə bağlıdır və bu mənzillər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilir.Sosial mənzil layihələrinin əsas məqsədi gənclərin münasib qiymətlərlə mənzillə təmin olunmasıdır.

Deputat vurğulayıb ki, mənzil təminatı sahəsində əsas prioritetlərdən biri kirayə mənzil fondunun genişləndirilməsi olmalıdır:
“Bizim təklifimiz ondan ibarətdir ki, kirayə mənzil fondunun həcmi artırılsın. Çünki bu model kirayədə yaşayan vətəndaşların gələcəkdə yaşadıqları mənzilin sahibi olmasına imkan verir. Xüsusilə kirayə mənzil fondunda olan mənzillərin sayının artırılması və daha çox ailəyə təklif edilməsi bütövlükdə gənc ailələrin həm kirayə, həm də mənzil probleminin həllinə ciddi dəstək ola bilər”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью