Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunan Maya Mustafayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Çıxış üçün söz prokurora verilib.
Dövlət ittihamçısı Maya Mustafayevanın 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Fevralın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə vəkillərin çıxışları gözlənilir.
Qeyd edək ki, ittihama görə, Maya Mustafayeva 2023-cü ilin sentyabrında Bakı sakini Şəmşad Mikayılovu “ev satışı” adı ilə aldadıb və 17 min 500 manat pulunu alaraq onu Yasamal rayonu, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 2 yaşayış kompleksi, bina 13, mənzil 43 ünvanına yerləşdirib. Daha sonra M. Mustafayeva onu iş yoldaşı Qələndərli Həzrət ilə tanış edib. Həzrət Maya vasitəsilə özü və qohumlarının münasib qiymətə ev aldığını deyib və Şəmşad Mikayılovu da bu sazişə inandırıb. Onlar birlikdə MİDA binalarından birindəki mənzilə baxıblar. Maya Mustafayeva evə görə 17 min manat ilkin ödəniş tələb edərək alıb
Həmin məbləği Şəmşaddan aldıqdan sonra sənədləri onun adına keçirəcəyinə vəd verib. Əvvəlcə 4 min manat kart hesabına göndərilib. Daha sonra Maya qalan pulu tələb edərək verilməyəcəti təqdirdə həmin məbləğin də batacağını bildirib. Bundan sonra Şəmşad Mikayılov Sabunçuda olan evini 12 min manata sataraq pulu Mayaya verib. Amma vəd olunan kimi evin sənədləri təqdim olunmayıb. Bütün bu müddət ərzində Maya Mikayılovu aldatmaqda davam edib. Nə bankla müqavilə bağlanıb, nə də evin sənədləri təqdim olunub. Sonradan məlum olub ki, həmin evin sahibi Gülrza Əliyevdir və Maya bu mənzili ondan kirayəyə götürüb. Bu barədə notarial qaydada müqavilə də mövcud olub. Şəmşad Mikayılov Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra Maya Mustafayeva tutulub. O, iltizamla öhdəlik götürüb ki, 10 günə pulu qaytaracaq. Amma bu vəd də yerinə yetirilməyib. Maya Mustafayeva telefon nömrəsini dəyişib və onunla əlaqə saxlamaq mümkün olmayıb.
DİN əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Maya Mustafayevanın gizləndiyi ünvan müəyyən olunub və o, tutularaq istintaqa təhvil verilib. Maya Mustafayevaya Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.