Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
“Kirayə mənzil bazarında qiymətlərin sürətli artımını şərtləndirən bir sıra tələb və təklif faktorları mövcuddur. Tələb istiqamətində əsas amillərdən biri odur ki, hər il ölkədə təxminən 60-70 min gənc ailə qurulur və onların böyük əksəriyyətinin mənzilə ehtiyacı var”.
Bu fikirləri Xalqcebhesi.az-a açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib.
O qeyd edib ki, təxminən 80-90%-i yeni mənzilə ehtiyac duyur, lakin gənclərin maddi imkanları bugünkü qiymətlər çərçivəsində qısa müddətli dövrdə mənzil əldə etməyə kifayət etmir. Məsələn, əvvəllər 10 ildə əldə edilə biləcək mənzil, indi 15-20, bəzən 25 ilə alınır ki, bu da bazarda tələbin artmasına səbəb olur. Mövcud əhalinin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri tələbə adekvat deyil. Dövlət vəsaiti ilə verilən ipoteka kreditləri vasitəsilə satışa çıxarılan mənzillərin sayı artım göstərsə də, hələ də tələb tam ödənilmir. İllik satış 30-35 min mənzil civarında ikən, real tələbat 60-70 min, keyfiyyət faktorları nəzərə alınarsa 80-100 min mənzil olur. Bazarda xidmət xərclərinin artması da qiymətlərin yüksəlməsində rol oynayır. Məsələn, 2020-2025-ci illərdə mənzilin saxlanma xərcləri orta hesabla illik 5,3-5,5% artıb, mənzil qiymətləri isə 53,9% bahalaşıb. Kirayə haqları isə rəsmi statistikaya görə 41,6% yüksəlib, təkcə 2025-ci ildə 7,8% artım qeydə alınıb. Bu fərq gələcəkdə kirayə qiymətlərində yeni artım dalğasına səbəb ola bilər”.
Ekspert əlavə edib ki, təklifin tələbdən aşağı olması da qiymətlərin sürətli artımına təsir göstərir: “2024-cü ildə istifadəyə verilən mənzillərin sayı 20 min olub ki, bu da 30-35 min satış və 60-80 min tələbatla müqayisədə yetərli deyil. Bundan başqa, mənzillərin böyük hissəsinin Bakı və Abşeron yarımadasında cəmləşməsi, şəhərdə əhalinin kəskin artması və sosial infrastrukturun bölgələrə nisbətən daha yaxşı inkişaf etməsi kirayə haqlarını artırır. Kirayə xərclərinin artması ailə büdcəsinə ciddi təzyiq göstərir. İnsanlar gəlirlərinin böyük hissəsini kirayəyə yönəldir, nəticədə daha keyfiyyətsiz qidalanma, təhsil və səhiyyə xidmətlərindən istifadə edir və borclanma səviyyəsi yüksəlir. Bu, həm mənzil əldə etmə imkanlarını azaldır, həm də sosial-iqtisadi bərabərsizliyi dərinləşdirir”.
Günel Elxan