Kirayəçi borcla evdən çıxır: Ev sahibi nə edə bilər?

12.08.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Kirayə müqaviləsi ilə mənzildə yaşayan şəxsin kirayə haqqını ödəməməsi ev sahiblərinin hüquqlarının necə qorunması məsələsini gündəmə gətirir. Xüsusilə kirayəçi mənzili tərk etmək istədikdə yaranmış borcun hansı qaydada tələb edilə biləcəyi və müqavilənin notarial qaydada təsdiqlənməməsinin ev sahibinin hüquqlarına təsiri maraq doğurur.
Kirayəçi yazılı müqavilə ilə mənzildə yaşadığı halda kirayə haqqını ödəmirsə və evdən çıxmaq istəyirsə, ev sahibi öz əmlak hüquqlarını necə qoruya və yaranmış kirayə borcunun ödənilməsini necə tələb edə bilər? Notarial təsdiqin olmaması belə hallarda ev sahibinin hüquqlarına və borcun tələb edilməsinə nə dərəcədə təsir göstərir?
Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi hallarda kirayəçini mənzildən çıxarmaqla bağlı çətinliklər yaranır.
Onun sözlərinə görə, Azərbaycanda bu sahədə prosedurlar digər ölkələrlə müqayisədə daha fərqlidir:
“Avropa ölkələrində, məsələn, müqavilə şərtləri pozulsa və kirayəçi ödənişləri həyata keçirməsə belə, onun mənzildən çıxarılması müəyyən hüquqi prosedurlarla həyata keçirilir.
Azərbaycanda isə belə hallara rast gəlinir ki, kirayəçi mənzildə yaşamağa başladıqdan sonra müxtəlif səbəblərlə ödənişləri gecikdirir və ya hissə-hissə ödəyir. Nəticədə kirayə haqqı ilə yanaşı, elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlər üzrə də borclar yaranır.
Bəzən bu proses 6 aya qədər davam edir. Kirayəçi müəyyən müddət ərzində az məbləğlərlə ödəniş edir və nəticədə 3-6 ay ərzində əhəmiyyətli məbləğdə borc yaranır. Daha sonra isə mənzili tərk edir və yaranmış borcun ödənilməsi ilə bağlı problem ortaya çıxır.
Hər bir halda, kirayəçi ilə mümkün problemlərin qarşısını almaq və riskləri minimuma endirmək üçün yazılı kirayə müqaviləsinin bağlanması vacibdir. Eyni zamanda, depozit alınması da məqsədəuyğundur. Ən azı bir aylıq, bu mümkün olmadıqda isə yarım aylıq kirayə haqqı məbləğində depozitin əvvəlcədən alınması tövsiyə olunur.
Depozit belə hallarda mülkiyyətçinin mümkün maliyyə itkilərindən qorunmasına kömək edir. Eyni zamanda, kirayəçinin mənzildəki əşyalara və avadanlıqlara daha məsuliyyətli yanaşmasına şərait yaradır”, – deyə ekspert bildirib.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью